Millət vəkili Qənirə Paşayeva Kayseridə “Bölgədə gərginləşən vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri və Qarabağ problemi” adlı konfrans verib. Lent.az-ın məlumatına görə, Yeni Ufuklar Dərnəyinin, Kayseri valiliyi, Kayseri Gənclik, Spor, Turizm idarəsi və Kayseri Ticarət Palatasının təşkilatçılığı ilə Kayseri Ticarət Palatasında keçirilən konfransda çıxış edən millət vəkili Q. Paşayeva dünyanın hər yerində yaşayan Türk kökənli insanlara səslənib. Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyada daha geniş yayılması üçün fəallığı daha da artırın deyib. O, türk soylu bütün insanlarımızı türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışıb.
Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, tanınmış yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışıb, Kayserinin mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiyini deyib.
Tədbirin sonunda millət vəkilinə təşkilatçılar tərəfindən plaketlər təqdim olunub. Q. Paşayeva tədbir iştirakçılarına özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını imzalayaraq hədiyyə edib. Eyni zamanda Mətanət A şirkətinin dəstəyi ilə Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış materiallar da tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdən sonra millət vəkili Q. Paşayeva Kayseridə yaşayan və təhsil alan bir sıra azərbaycanlı tələbələrlə də görüşüb və geniş müzakirələr olub.