Millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin Avrasiya İnstitutunda Qarabağ münaqişəsi barədə çıxış edib. Lent.az-ın məlumatına görə, o, çıxışında Ermənistanın işğalçılığı və erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün fəal çalışmalıdır. Ermənilərin girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girovluqda olan azərbaycanlılar – Dilqəm Əhmədov və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər hər bir türk gəncini ciddi narahat etməlidir”.
Gənclərə sosial mediada daha da aktiv olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdırmağı məsləhət görən millət vəkili bildirib ki, bu məsələdə hər birimiz daha da həssas olmalıyıq: “Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Biz Dağlıq Qarabağı, Xankəndi, Şuşa, Laçın və digər torpaqları birlik və bərabərlik içərisində işğaldan azad edə bilərik".
Tədbirin sonunda Q. Paşayeva iştirakçıların suallarını cavablandırıb.