Qazla bağlı qəbul komissiyası ləğv edildi
24 iyun 2013 17:07 (UTC +04:00)

Qazla bağlı qəbul komissiyası ləğv edildi

Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edib. Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı ilə bağlıdır.

Yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcıdan texniki şərt alınmalıdır. Texniki şərtin verilməsi və yaşayış binalarının, o cümlədən mənzillərin qaz xətlərinə qoşulma qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir. İndiyə qədər müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, Fövqəladə Hallar, Sənaye və Energetika nazirliklərinin səlahiyyətli nümayəndələrindən ibarət işçi və qəbul komissiyaları tərəfindən, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirildi. Dəyişiklik isə FHN-in və SEN-in səlahiyyətli nümayəndələrindən ibarət qəbul komissiyasının ləğvini nəzərdə tutur. Başqa sözlə, müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, Fövqəladə Hallar Nazirliyi və Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək və aktla rəsmiləşdiriləcək.

 

Qeyd edək ki, qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Sənaye və Energetika Nazirliyi, texniki təhlükəsizlik sahəsi üzrə isə Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126
avatar

Oxşar yazılar