Baharın elçisi; torpaq çərşənbəsi
15 mart 2016 11:05 (UTC +04:00)

Baharın elçisi; torpaq çərşənbəsi

 

Min illəri haqlayan Novruz bayramı milli mənəviyyatımızın simvoluna çevrilmişdir. Novruz elə bir bayramdır ki, insanlar onun müjdəsinə bir ay qalmış çıxır və bayram hazırlıqları görür. Novruz ərəfəsində qeyd olunan çərşənbələr isə bizi Novruza daha da yaxınlaşdırır.  Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb.

İlaxır çərşənbələrdən sonuncusu olan torpaq çərşənbəsi əvvəlki çərşənbələrə nisbətən öz xüsusiyyətlərinə və bayrama  yaxın olduğuna görə daha təmtəraqlı şəkildə qeyd olunur.  Xalq arasında axır çərşənbə "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. Torpaq çərşənbəsində təbiət oyanır, torpaq nəfəs alır,  hamı bayramı xoş ovqatla qarşırlamağa çalışır. Torpaq çərşənbəsi xalqı sanki əməyə səsləyən carçı rolunu oynayır. Belə ki, artıq təbiət oyandığı, torpaq canlandığı üçün əkin-biçin dövrü də başlanır. Yerlər şumlanır, toxumlar səpilir. Yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.

Digər çərşənbələrdə olduğu kimi torpaq çərşənbəsinin də əsrlərdir ki, qorunub saxlanan özünəməxsus inancları vardır.  Bu çərşənbədə səhər tezdən insanlar bulaq başına və ya su üstünə gedər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Axır çərşənbəyə bir neçə ay qalmış evlər təmizlənir. Deyilənə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.  Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Süfrəyə şamların qoyulması, xonça bəzədilməsi mütləqdir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, dünyasını dəyişənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Bu çərşənbədə qapı pusulur, su falına baxılır. Axır çərşənbədə meydan tamaşaları göstərilir, qodu-qodu mərasimi keçirilir. Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, xan-vəzir oyunu insanlar tərəfindən böyük coşqu ilə qarşılanır.

El inamına görə: Axır çərşənbədə paltar tikmək olmaz; qəlbə dəymək olmaz; səfərə çıxmaq olmaz;yerə isti su tökmək olmaz; dırnaq tutmaq olmaz; təzə evə köçməzlər və s.

İlaxır çərşənbədə 4 ilahi başlanğıc birləşir. Suya, oda, yelə və torpağa tapınan insan torpağın və torpaqdan xəlq olunanların oyanışına sevinir. Dostluq, barışıq, yenilik və sədaqət rəmzi olan Novruz bayramının müjdəçisi torpaq çərşənbəsi hər bir evə ruzi-bərəkət, sevincli günlər gətirsin! Qəlblərinizdən ilaxır çərşənbə tonqallarının gətirdiyi hərarət heç vaxt əskik olmasın. Bayramınız mübarək!

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik qrupunun üzvü

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar