Layihə: “TAMAŞA DÜNYA”
Qarabağlar türbəsi Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri olaraq Naxçıvan ərazisində, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir.
Qarabağlar abidəsi bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aiddir.
Bu türbəyə münasibət sovetlər zamanı birmənalı olmayıb. Ötən əsrin 30-cu illərindən başlayaraq bir neçə dəfə Türbənin sökülməsinə cəhd edilib. 30-cu illərin sonunda isə Türbənin minarələri yuxarıdan sökülməyə başlayıb. Yalnız kənd camaatının etirazları və Böyük Vətən Müharibəsinin başlanması söküntünün təxirə salınmasına səbəb olub.
Zəngəzur sıra dağlarının ətəyində, Qarabağlar kəndi yaxınlığında yerləşən ansamblın salamat qalmış tikililəri - baştağla birləşmiş minarələr və türbə özünün mənzərəli görünüşü ilə silinməz təəssüratlar yaradır. Üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyət illərinə (1319-1335-cu illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.
Qarabağlar türbəsinin fasad bəzəyi təkrarlanan "Allah" sözlərindən yığılıb. Cənub və Qərb baştağlarında üslublaşdırılmış bitki, şərqdəkində isə həndəsi ornamentlər üstünlük təşkil edir. Sütun gövdələri və onların kubvari kapitelləri yığma mozaikaya ilə bəzədilib. Şimal baştağ divarın qalınlığa daxil edilmiş batıqlıq ilə seçilir. Divarlar iki sıra təmiz yonulmuş daş plitələrlə örtülüb. Sərdabənin girişi şimal baştağın oxları üzərində qurulub. Üst kamera uzadılmış proporsiyaya malik düzgün on iki vəchli həcmi xatırladır. Divarlarda dərin yerləşdirilmiş düzbucaq şəkilli taxçalar bir qədər ensiz oxvari taxçaları dövrəyə alıb.
Ansamblın saxlanmış digər tikilisi baştağ vasitəsilə birləşdirilmiş iki minarədir. Onların təməlləri uzadılmış düzbucaqlı prizmaları xatırladır. Təməllərin fasadları naxışlı bölgü ilə işlənilib. Səkkizvəchli alçaq həcm minarələrin silindrik gövdələrinə keçidi təmin edir. Hörgünün şaquli calaqlarına firuzəyi rənglə şirlənmiş ensiz kərpiclər yerləşdirilib. Minarələr arasında görünən hörgü qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində əvvəllər daha böyük baştağ olub. Baştağın səliqəsiz çay daşından olan hörgüsü minarələrin kərpic hörgüsü ilə əlaqələndirilməyib. Onun fasad və yan divarlarında nesxlə işlənilmiş kitabənin qalıqları saxlanılıb. Orada binanın tikilməsi barədə sərəncam və ad «… cahan Qudi xatun» həkk olunub.
Türbənin bədii görünüşünü müəyyən edən «büzmələnmiş» səthini də qeyd etmək lazım gəlir. Düz, yaxud əyri şəkilli plana malik olan bu tikili fasadının zənginləşdirilməsi üsulu həm dövrün, həm də ərazinin ən geniş yayılmış üsullarından biri idi.
Bu üsuldan adı çəkilən türbənin tikintisində istifadəsi Azərbaycanın Yaxın və Orta Şərqin digər vilayətləri ilə çox sıx əlaqələrini göstərir. Təbrizli Bədrəddin 1273-1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirib. Digər bir Təbrizli memar Əhmədşah Bağdadda 1356-1357-ci illərdə tikdiyi Mərcaniyə məscidinin günbəzinin boynunun (baraban) işlənilməsində bu üsuldan müvəffəqiyyətlə istifadə edib. Bu üsula sonralar 1535-1536-cı illərdə Ərdəbildə inşa olunan Osman Xan Sultan sarayının günbəzaltı boyunda rast gəlinir.