Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Nazirlikdən Lent. az-a verilən məlumata görə, 2013-cü ilin aprel ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4386 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. 2226 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 439 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 222 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 716 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 400 vergi ödəyicisi tərəfindən 525 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 133 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 125 vergi ödəyicisində markalanmamış 5286 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı tədbirlər görülüb.