İyulun 5-də prezident İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir. Bu sahə ilə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter alıb. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Prezidenti Uşaq Əyləncə Mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ətraf ərazidə abadlıq-quruculuq işləri aparılıb, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Mərkəzin ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080 kvadratmetr olan süni göl yaradılmışdır ki, bu da binanın görünüşünə daha da gözəllik qatır. Mərkəzin tikinti sahəsi 400 kvadratmetrdir.
Bildirilib ki, Uşaq Əyləncə Mərkəzinin tikintisinə 2013-cü ilin yanvarında başlanmışdır. Burada istirahət edən uşaqlara 8 nəfərlik işçi heyət nəzarət edəcəkdir. Mərkəzdə uşaqların əylənmələri üçün bütün şərait yaradılmışdır. Mərkəzdə kompüter zalı, inzibatçı otağı, oyun zalı, bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır.
Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.