Prezident: “Son on il ərzində yoxsulluq on dəfə aşağı düşüb”
02 oktyabr 2013 16:32 (UTC +04:00)

Prezident: “Son on il ərzində yoxsulluq on dəfə aşağı düşüb”

“Azərbaycanda veteranlara həmişə böyük hörmət olub. Ümumiyyətlə, cəmiyyətimizin çox möhkəm dayaqları var və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olub. Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün”

 

Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında çıxışı zamanı bildirib. Prezident vurğulayıb ki, dövlətimiz sosial dövlətdir və sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır: “Bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. Pensiyalar, maaşlar, ünvanlı sosial yardım ildən-ilə artır. 120 min ailə sosial yardım alır. Son on il ərzində yoxsulluq təxminən on dəfə aşağı düşüb. Hər il 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yaşlı nəslə olan münasibət Azərbaycanı tam şəkildə sosial dövlət kimi təcəssüm etdirir. Güclü sosial siyasət bundan sonra da davam etdiriləcək. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcək. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir”.

 


Prezidentin onu da bildirib ki, Azərbaycan bütün sahələrdə nümunəvi ölkə olmalıdır: “Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar. Əlbəttə, inkişaf etmiş ölkələrdə yaşlı nəsil üçün evlər, pansionatlar, sanatoriyalar tikilir. Ancaq bizdən olan fərq ondan ibarətdir ki, orada bütün xidmətlər pulludur. Kimin pulu var, gedir orada yaşayır, kimin pulu yoxdursa, necə deyərlər, qalır ağır vəziyyətdə.
Burada isə dövlət bütün xərcləri öz üzərinə götürüb. Yəni, sizin bütün təminatınız, burada yaradılan bütün şərait və gələcəkdə bu pansionatın istismarı - bütün işlər dövlətin hesabına görüləcək. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır. Vaxtilə neft kapitalını insan kapitalına çevirmək şüarımız bu gün reallaşır”-deyə, dövlət başçısı əlavə edib.
 

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, ahıllar üçün evlər tikilir - Bakıda, Gəncədə, Naxçıvanda belə evlər var: “Ondan sonra uşaq evləri. Demək olar ki, onların tam əksəriyyəti təmir edilib. Burada həm dövlət öz sözünü deyir, eyni zamanda, ictimai təşkilatlar da, iş adamları da kömək göstərirlər. Mən xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyətini vurğulamaq istəyirəm. Məhz Fondun xətti ilə bu sahəyə diqqət artırılıb. Demək olar ki, bütün uşaq evlərində gözəl təmir işləri aparılıb, xəstə uşaqlar üçün internatlarda da işlər görülür. Sosial cəhətdən az təmin edilən vətəndaşlar üçün dövlət öz köməyini əsirgəməməlidir. Yəni, sosial ədalət bu deməkdir.
Əlbəttə, bu gün Azərbaycan ölkələrin əksəriyyəti kimi, iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurub və böyük uğurlar əldə edib. Ancaq, eyni zamanda, sosial siyasət daim diqqət mərkəzindədir. Çünki biz insanlar üçün çalışırıq. Çalışırıq ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Kimin imkanı var, imkanları daha da artıq olsun, kimin imkanı yoxdursa, dövlət öz dəstəyini göstərməlidir. Azərbaycan vətəndaşları və yaşlı nəsil bilir ki, onların arxasında güclü dövlət dayanır. O dövlət ki, onları heç vaxt darda qoymaz və hər bir məsələdə onlara arxa-dayaq olacaq. Azərbaycanda sosial ədalət heç vaxt pozulmasın və bizim ənənələrimiz davam etsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400
avatar

Oxşar yazılar