Prezident İlham Əliyev sentyabrın 4-də Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirib ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir.
Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində Heydər Əliyevin, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub.
Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
***
11:37
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmir olunub. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, prezident İlham Əliyev sentyabrın 4-də təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.