Danılmaz faktdır ki, yeni dünya nizamı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, milli maraqların qorunmasında QHT-lərin rolunu önə çəkir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Məhz 10 ilə yaxın dövrü əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir.
Ümumilikdə isə Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Bu baxımdan Fondun sosial istiqamətdə reallaşdırdığı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Belə ki, uşaqlara və ahıllara göstərilən nəvaziş, onlar üçün tikdirilən və təmir olunan çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı Fondun reallaşdırdığı fəaliyyətin ayrılmaz qoludur. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, dini müəssisə və icmaların bərpası, uşaq bağçalarının tikilməsi, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması, həmçinin xarici dövlətlərlə əlaqələrin genişlənməsi məqsədilə ( Pakistanda qızlar məktəbinin, Sarayevoda Dostluq parkı, Həştərxanda Dostluq körpüsünün və s. tikilməsi) görülən tədbirlər sosial fəaliyyətin mahiyyətini təşkil edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr alternativi olmayan xeyirxahlıq, humanistlikdir. "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilmişdir.
Nailə Məmmədova
“Azerbaijan Realities”