Paytaxt məktəblərində 47184 şagird I sinifdə təhsil alır
26 oktyabr 2017 09:48 (UTC +04:00)

Paytaxt məktəblərində 47184 şagird I sinifdə təhsil alır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 46798 şagird I sinifdə təhsil alır. BŞTİ-dən Lent.az-a verilən məlumata görə, həmin şagirdlərdən 46338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan I sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib. 460 şagird isə  tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək I sinfə qəbul olunub.

 

Qeyd edək ki, hər il olduğu kimi, 2017-2018-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)  göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında həyata keçirilib. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri  məktəbə təqdim ediblər.

 

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir. Onlardan 41210 nəfəri 6 yaşı tamam olan, 5588 nəfəri 6 yaşı tamam olmayanlardır.

 

BŞTİ-nin nəzdindəki 160 nömrəli Klassik Gimnaziyada 285 nəfər, 287 nömrəli “Zəkalar” liseyində isə 101 nəfər I sinif şagirdi təhsil alır. Şagirdlərin 146-ı Azərbaycan, 240-ı rus bölməsindədir.

 

Qeyd edək ki, 2017-2018-ci dərs ili üzrə uşaqların I sinfə qəbulu prosesi tam elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçiblər.

 

Ümumilikdə, dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin əsas qayəsi ondan ibarətdir ki, bütün məktəb yaşlı uşaqlar icbari təhsillə təmin olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar