800 kilo saç, qaz kameraları, yağışla qalxan yanmış insan qoxusu  - <span style="color:red;">AUŞVİTSdən REPORTAJ
29 fevral 2016 17:14 (UTC +04:00)

800 kilo saç, qaz kameraları, yağışla qalxan yanmış insan qoxusu - AUŞVİTSdən REPORTAJ

0

 

Polşada olduğum müddətdə tarixin qara turizm marşrutları sırasında yer alan II Dünya müharibəsində yəhudilərin kütləvi sürətdə məhv olunduğu və Nazi almanların düşərgəsi olmuş məşhur Auşvitse (Osvensim) ölüm düşərgəsini də ziyarət etdim. 

 

Təhsil aldığım zamanlardan bu günə qədər psixologiya sahəsi ilə məşğul olduğum üçün hökmranlıq etmiş liderlərin psixologiyaları haqqında bir çox araşdırmalarım olub. Bu liderlər içərisində ən çox maraqlandığım şəxs tarixdə silinməz qanlı izlər buraxan Adolf Hitlerdir. Məhz bu maraq məni Polşanın Krakov şəhərindən 60 km qərbdə yerləşən Auşvitse (Auschwitse) ölüm düşərgəsinə gətirib çıxardı. Holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsinə... Milyonlarla insanın amansızcasına məhv olunduğu ölüm şəhərciyinə...

 

Yağış yağır... Düşərgənin vahiməli görüntüsu, şəhərcikdən gələn kəskin qoxu insanı dəhşətə gətirir. 1 milyon yəhudinin məhv edildiyi bu ölüm kampı 3 hissədən ibarətdir: Auschwitse (əsas bina), Auschwitse Birkenacı və Auschwitse Monowitz. Düşərgənin məhz Polşanın Krakov şəhərində yerləşməsi strateji cəhətdən əvvəlcədən planlaşdırılmış bir layihə olub. Belə ki, düşərgənin yerləşdiyi yer Avropanın mərkəzinə düşür.

 

Düşərgənin əsas binasının girişdə yazılmış sloqan diqqəti cəlb edir: “Əmək insani azad edir”  (ArBeit-macht Frei).  Bu yazı haqqında maraqlı bir faktı deyim. Bələdçi sloqanın mənasını izah edir. Deyir ki, cümlədəki “B” hərfi tərs yazılıb. Bu da onu göstərir ki, bu düşərgədə işlər tərs gedəcək, yəni bu düşərgə insanları aldatmaq üçün tələdir. Çünki insanlar müxtəlif yerlərdən bu düşərgəyə aldadılaraq gətirilib. Belə ki,  bura gələrkən onlardan ən gözəl geyimlərini geyinib, ən gözəl zinət əşyalarını taxmaq tələb olunurmuş. Əvəzində isə onlara Kanadada gözəl və firavan həyat yaşadacaqları vəd edilirmiş. Onları inandırırmışlar ki,  çox işləməklə daha azad həyat yaşayacaqlar. 

 

Bildirilir ki, təkcə bu düşərgəyə 1.3 milyon yəhudi gətirilib və onlardan 1.1 milyonu burada öldürülüb. 1941-ci ildə bura gətirilən insanların sayı çoxluq təşkil etdiyindən onların sayını azaltmaq üçün böyük bir qismini zəhərli qaz (Zyulon B) ilə dolu otaqlara salaraq qısa bir zaman ərzində məhv ediblər. Həmin zəhərli qazı kəşf edən insan isə sonradan bu kəşfi nəticəsində bu qədər insanın öldürüldüyünü biləndə intihar edib.

 

Statistikaya görə, bu qaz otaqlarında 6 min insan yandırılıb. Qaz otaqlarına daxil olmaq qadağan olduğundan ancaq uzaqdan baxa bildik. Sözügedən ölüm otaqları II düşərgə sayılan Birkenaudan 3 km uzaqlıqda yerləşir.

 

Düşərgə sakinlərinin qarşısında 2 yol olub. Ya tez bir zamanda ölmək, ya da ölənə kimi işləmək. Düşərgənin növbəti hissəsi 28 depodan ibarət binadır. Qeyd edim ki, Nasist Almaniyası SSRİ-dən çəkinərək öldürülən yəhudilərin izlərini silmək üçün qaz otaqlarını və depoları 1944-cü ildə partlatıb, əsir saxladığı insanları isə sürgün edib. 30 depo bax belə yandırılaraq tarixdən silinib, qorxunc görünüşü ilə insanı vahiməyə salan qalan 28 depo hələ də qorunub saxlanılmaqdadır.

 

Məhv edilmiş yüz minlərlə yəhudinin istifadə etdiyi müxtəlif əşya və geyim ləvazimatları ilə dolu şüşəli otaqları gəzdikcə turistlər əksəriyyəti göz yaşlarını saxlaya bilmir. İnsanların əşyaları, hətta istifadə etdikləri döşək və örtülər olduğu kimi otaqlarda saxlanılmaqdadır. Bələdçi bildirir ki, orada yandırılan insanların bir qismi sabun istehsalına, digər bir qismi isə torpağa gübrə kimi istifadə olunmaq üçün fabriklərə göndərilirmiş. Ən dəhşətlisi isə insanların saçları idi. Statistikaya görə, düşərgədən 800 kilo saç toplanıb. Bu saçlar Almaniya hökuməti tərəfindən şərq ölkələrə satılması nəzərdə tutulan müxtəlif corablar hazırlanmasında istifadə edilib. İnsan saçlarından istehsal olunan corablar baha qiymətə və yüksək keyfiyyət qarantiyası ilə təqdim olunurmuş.

 

Burada əsir qalan insanlar tərəfindən 802 dəfə qaçış planı hazırlanıb, onlardan yalnız 144-ü uğurlu olub. Mala Zimet adlı yəhudi qadının qaçışı faciəli ölümlə nəticələnsə də, tarixə düşən əfsanələrdən biridir. Rudolf Vrba və Alfred Wetzlerin isə düşərgədən qaçdıqlarından sonra orada yaşanan dəhşətləri insanlara, bütün dünyaya çatdırmağa müvəffəq olublar.

 

1944-cü ildə SSRİ tərəfindən xilas olunan 56 min yəhudidən 15 mini aparılarkən yoldaca ölüb. Düşərgədə öldürülən bütün yəhudilərin adı düşərgənin muzey hissəsində saxlanılan böyük bir kitaba həkk olunub. Ölüm kampının əzraili sayılan həkim Rudof Höss 1947-ci ildə edam olunduğu zaman son söz olaraq söyləyib: “Öldürdüyüm hər 7 yəhudi üçün 1 ədəd kağız istifadə olunsa, Polşa meşələrində ağac qalmazdı”.

 

Düşərgəni gəzdikcə havaya qalxan kəskin qoxu insanın içini titrədir. Şəhərcik ətrafında yaşayan insanlar qeyd edirlər ki, o vaxt diri-diri yandırılmış insanların qoxusu 50 ildən çox zaman keçsə də, hələ də hiss edilir. Yağış yağan kimi divarlara həkk olmuş bu dəhşətli qoxu təkrar havaya qalxır.

 

Yağış isə davam edir... 

 

Nigar Kərimova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar