Oğruların dostu, milislərin düşməni,  ulduzu oğurlanmış qəhrəman – REPORTAJ
10 yanvar 2014 15:46 (UTC +04:00)

Oğruların dostu, milislərin düşməni, ulduzu oğurlanmış qəhrəman – REPORTAJ

Lent.az  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədovla bağlı qaranlıq məqamlara aydınlıq gətirir.

 

Gəncədə bəlkə də ən çox onun haqqında rəvayətlər gəzir... Kimi onun dəli-doluluğundan, kimi cinayətkar ələmlə yaxınlığından, kimi də şəhər parkında qətlə yetirilməsindən danışır. O, Sovet İttifaqı Qəhrəman adına layiq görülmüş ilk azərbaycanlıdır.  Həm də təkcə Azərbaycanda yox, Böyük Vətən Müharibəsində ondan əvvəl Qafqazda heç kəs SSRİ-nin bu ali mükafatına layiq görülməyib. Hə, İsrafil Məmmədovdan danışacağıq.

 

1919-cu ildə anadan olub. Ailəsi Gəncəyə Şəmkirin Qapanlı kəndindən köçüb. Gəncə camaatı onun haqqında az qala dastanlar qoşub, davakarlığından, məzlumun, kimsəsizin himayəçisi olmasından söhbət açırlar. Və bu söhbətlərdə sözsüz ki, xalqın məxsusi əlavələri, bəlkə də heç vaxt baş verməmiş bir hadisəni həqiqiət kimi təqdim etmək cəhdi də var... 

 

Cəbhədən cəbhəyə...

 

1938-ci ilin mart ayı  idi... Gəncədə( o vaxtkı Kirovabad) çoxları elə bilirdi ki, İsrafili yenə tutublar, hansısa milis şöbəsindədir.  Camaat sonralar biləcəkdi ki, əslində o, hərbi xidmətə yollanıbmış...  Bu vaxta qədər isə İsrafil doğrudan da Kirovabad milisinin diqqətində olub. “Anam danışırdı ki, İsrafil tez-tez dalaşarmış. Qonşu küçələrdən nənəmizin üstünə şikayətə gələrlərmiş ki, İsrafil kimisə döyüb, ağız-burnunu qanadıb. Amma günahsız adamları döyməzmiş. İsrafil eşidəndə ki, şəhərdə kimisə təkləyib döyüblər, gedirmiş o adamların üstünə”. Bunu İsrafil Məmmədovun bacısı oğlu Füzuli Hüseynov deyir. İsrafilin hərbi xidmət dövrü fin müharibəsi dövrünə düşüb.  O,  Kirovabada qayıtmadan Böyük Vətən Müharibəsinin iştirakçısı kimi Novqorod şəhərinə yollanıb.

Arayış:

1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini (1932) ləğv edib. Noyabrın 30-da müharibə başlayıb. 1940-cı il fevralın 11-də sovet qoşunları "Mannerheym xətti"nin  zolağını yararaq Finlandiya  ordusunun əsas qüvvələrini darmadağın edib. 1940-cı il martın 12-də Moskvada sülh müqaviləsi bağlanıb. Müqaviləyə görə Finlandiyanın bəzi torpaqları SSRİ-yə qatılıb.

İsrafil Məmmədov almanlarla müharibəyə baş serjant kimi yollanıb. Müharibənin ilk günlərindən fərqlənən İsrafil cəmi bir neçə ay sonra – noyabr ayının əvəllərində Novqorodun Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürür və onlara tapşırılmış mövqeləri demək olar ki, təkbaşına qoruyur. Özü yaralandığı halda kömək gələnə qədər almanların kəndə yaxınlaşmasına imkan vermir.  Bacısı oğlu deyir ki, bu barədə İsrafil Gəncəyə gələndə danışıbmış: “Anamgil deyirdi ki, o, səngərdə gah o başa qaçaraq atəş açıb, gah ortada da dayanıb, gah da səngərin bu biri başından atəş açıb ki, almanlar səngərdə bir nəfərin qaldığını hiss etməsinlər. Düşmən  bir qədər də yaxınlaşanda o, snayperdən atəş açmağa başlayıb. Hətta sonda süngü ilə də döyüşüb və özü yaralı olduğu halda mövqeləri əldən verməyib”. İsrafilin bu qəhrəmanlığı barədə məlumat  qısa müddətdə Sovet rəhbərliyinə də çatır. Dekabr ayının 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.  4 gündən sonra  İsrafilin müalicə olunduğu hospitalın şəxsi heyəti farağat vəziyyətinə dayanır. Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant Kuroçkin şəxsən özü İsrafilin yanına gələrək  qəhrəmanın “Qızıl ulduz”unu və  “Lenin” ordenini onun yaxasına taxır...

 

Birinci katibin 1-ci tapşırığı

 

İsrafil Məmmədovun qəhrəmanlığı barədə xəbər Mircəfər Bağırova da çatır. Elə həmin gün o, Kirovabad şəhər Partiya Komitəsinin rəhbərliyinə tapşırıq verir:

  • İsrafil Məmmədovun ailə üzvləri ilə əlaqə saxlanılsın, onlara xüsusi diqqət və qayğı göstərilsin!

Gecəynən şəhər bir-birinə dəyir. Milis şöbələri, prokurorluq işçiləri, xüsusi xidmət orqanlarının əməkdaşları ayağa qaldırılır. O zamanlar üçün çox böyük hadisə baş vermişdi –  ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü – Kirovabadlı 22 yaşlı gənc! Milislər çaş-baş qalırlar. Dünənə qədər dava-dalaşa və digər qanundan kənar davranışlarına görə axtardıqları, “sutkalıqlarda” saxladıqları cavan oğlanın qapısına bu dəfə şad xəbər verməyə getməliydilər - Üçüncü vağzal küçəsi, 39 nömrəli evə.

  • İsrafil Məmmədov burada yaşayır? – Qapıda saysız milis maşınları, poqonlu şəxsləri görən Gülsüm arvad oğlunun qəhrəmanlığından xəbər tutmamışdı. İsrafilin “oralarda” da dinc dayanmadığını zənn edən Gülsüm xala, “Yox, tanımıram” deyir. Yazıq arvad İsrafilin dalınça o qədər milis şöbələrinə gedibmiş ki, bu dəfə artıq hövsələdən çıxır. Sonra qızlarına danışırmış ki, əvvəlcə elə bilib İsrafil “urusetdə” kimisə  öldürüb, ona görə qapılarına bu qədər milis gəlib.  Ona əvvəlcə deyəndə ki, oğlun 70 nəfəri öldürüb, Gülsüm arvadın cavabı belə olub:  “Mən deyirdim də bu kopolu orada da dinc dayanmayajax..”
  •  

Birinci katibin 2-ci tapşırığı

 

Gülsüm arvadın oğlunu dandığını görən milislər əslinə onun niyə belə davrandığını yaxşı bilirdilər.  Küçənin ayağında yaşayan qohumların qapısını döyürlər. Xəbər qonum-qonşuya da çatır: İsrafil Məmmədov qəhrəman olub. Camaat axışır İsrafilgilə ki, Gülsüm arvada göz aydınlığı versinlər. Ertəsi gün Mircəfər Bağırovdan daha bir tapşırıq gəlir:

- İsrafil Məmmədovun Kirovabadda yaşayan qohumları şəhərin hansı müəssisəsində çalışırlarsa, elə orada da rəhbər təyin olunsunlar!

 Beləcə qəhrəmanın müəllim qardaşı məktəb direktoru, neft bazasında mühasib olan digər qardaşı bazanın müdiri təyin olunur. Beləcə, İsrafil özünün “Qızıl ulduzu” ilə həm də qohum-əqrəbasına səadət bəxş edir...

1942-ci ildə Mircəfər Bağırov  şəxsən Stalindən xahiş edir ki, respublikada vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin qəhrəmanlığa həvəsləndirilməsi üçün İsrafil Məmmədovu cəbhədən geri qaytarsın.  Bağırov birinci növbədə Kirovabad zəhmətkeşlərinə göstərmək istəyirmiş ki, Kommunist Partiyası qəhrəmanlarına hər cür şərait yaradır, onun nəinki özünü, hətta qohumlarını da göz üstə saxlayır. Beləcə İsrafil Məmmədov doğma şəhərinə qayıdır. Amma tək yox, ailəsilə.  Yeri gəlmişkən, İsrafil qəhrəmanlıq etdiyi döyüşdən sonra Novqoroddakı hospitala göndərilib. Elə orada da tibb bacısı işləyən Yevdakiya ilə tanış olur və onlar evlənirlər. Bu nikahdan İsrafilin əkiz qızları dünyaya gəlir. İndi onlardan biri Novqorodda , digəri isə Riqada yaşayır.

İsrafil Məmmədovun Kirovabada gəlişi təmtəaraqla qeyd olunur. Şəhər camaatı gül-çiçəklə yollara düzülür, hamı onunla şəxsən görüşmək, əllərini sıxmağa çalışır. İsrafil şəhərə gələnə qədər isə Mircəfər Bağırov ona Kirovabadın mərkəzində iki otaqlı ev hədiyyə edir. İndi həmin ünvan qəhrəmanın ev muzeyi kimi fəaliyyət göstərir. Muzeyin direktoru ilə də maraqlı söhbətimiz oldu. Bu barədə bir qədər sonra...

 

Rəisləri, prokurorları şillələyən qəhrəman

 

İsrafilin Kirovabada gəlişi şəhər milisinin əlindən dağlarda, meşələrdə gizlənən cinayətkar ələmin təmsilçilərini, o vaxtın lotularını da əl-qolunu açır və onlar üzə çıxmaqdan çəkinmirlər. İsrafil demək olar ki, onların himayəçisinə çevrilir. Deyilənə görə, İsrafil şəhərə gələn kimi cinayətkar aləmin əsas fiqurlarından biri, o zamanlar nəinki Kirovabad, Sovet milisinin axtardığı məşhur Şadılı İlyasa da xəbər göndərir ki, artıq gizlənməsin, bundan sonra kimsə ona dəyib-dolaşa bilməz.  Elə belə də olur, Şadılı İlyas Kirovabada qayıdıb İsrafilin yanına sığınır, onunla birgə gəzib-dolaşır.  İsrafilin qorxusundan milislər ona yaxın düşə bilmirlər. F.Hüseynov danışır ki, İsrafil Sovet İttifaqı Qəhrəmanı kimi Kirovabada qayıtdıqdan sonra da milislərlə münaqişədə olur.  Milisin kimisə incitdiyini, haqsız yerə tutduğunu, şərlədiyini eşidəndə İsrafil qarşısına çıxan milis nəfərlərini döyürmüş. Hətta bir neçə dəfə milis rəisinə də şillələyib.  Ev muzeyinin müdiri Eldəniz Babayev də danışır ki, o vaxt İsrafil şəhər rəhbərliyini belə cəzalandırmaqdan çəkinmirmiş: “Camaat şikayətə onun yanına gəlirmiş ki, onlara yalnız İsrafil kömək edə bilər. Hamının qayğısına qalıb, ondan kömək umanların əlindən tutub. Gedib dalaşırmış, milisləri, prokurorları döyürmüş. Cavan olanda da şuluq olub. Onun özünün başının dəstəsi varmış. Başqa şəhərlərə, rayonlara gedib hansısa mübahisəli məsələləri həll edərmiş. Beləcə camaat arasına böyük hörmət və nüfuz qazanmışdı”. 

 

Patrulların cəzası...

 

Bayaq qeyd etdik, İsrafil Məmmədov haqqında çox rəvayətlər gəzir. Onlardan biri də, qəhrəmanın müharibədən sonra Gəncə parkında qətlə yetirilməsilə bağlıdır. Muzeyin müdiri bu söhbətlərin əsassız olduğunu deyir: “Bilirsiniz, İsrafilin Gəncənin parkında çox davaları, qalmaqalları olub. Ola bilər ki, parkla bağlı söhbətlər də elə buradan qaynaqlanır. Bəli, İsrafil Məmmədov parkda sovet zabitlərini də döyüb. Hətta bundan betər davranışları da olub. Bir  dəfə, bacıları və digər qohumları ilə şəhərdə gəzirmiş. Parkda onları patrul saxlayır. Xidmətin rəisi, rus zabiti İsrafilə deyir ki, qayıt geriyə və mənim yanımdan hərbi salam verib keç. Yaxasında qəhrəman ulduzu olan İsrafil elə oradaca həmin bu zabiti və onunla birgə xidmət çəkən rus əsgərlərini möhkəm döyür, qanına qəltan edir. Sonra məcbur edir ki, onlar ona hərbi salam versinlər”.

 

Parkdakı qanlı olay...

 

Bu hadisədən bir neçə gün sonra isə Kirovabad parkında İsrafilin iştirakı ilə daha ağır hadisə baş verir. O vaxt parkda rəqs meydançası var imiş. İsrafil də öz yoldaşı ilə həmin meydançaya gəlir. Camaat bunu görəndə qabağına qaçır, görüşür, şəkil çəkdirir. İsrafilin diqqəti bu adamlara yönələrkən, parkdakı rus zabitlərindən biri onun xanımını rəqsə dəvət etmək istəyir. İsrafil başını qaldıranda bunu görür və dərhal özünü yetirib zabiti əzişdirir. Bəzi mənbələr İsrafilin həmin zabiti bıçaqla vurduğunu iddia edirlər. Muzeyin müdiri də parkda bıçaqlanma söhbətinin də məhz buradan qaynaqlandığını ehtimal edir.

Pakda baş vermiş hadisə, İsrafilin heç kəsə məhəl qoymaması, zabitləri, şəhər milislərini döyməsi və kriminaliteti himayə etməsi Mircəfər Bağırovun da qulağına çatır. Bağırov İsrafil Məmmədovu Bakıya çağırır. Onu komsomolda şöbə müdiri vəzifəsinə təyin edir və indiki Heydər Əliyev sarayının yaxınlığında üç otaqlı mənzil verir. Bağırov düşünür ki, bundan sonra İsrafil onun gözü qarşısında olacaq və Kirovabaddakı kimi davranmayacaq. Onun başqa yolu olmur. İsrafili tutmaq istəsə də buna getmirdi, deyəcəkdilər ki, dünən bəh-bəhlə qarşıladıqları Sovet İttifaqı Qəhrəmanını həbs ediblər.

İsrafil Bakıya gələndən bir neçə gün o, Kirovabaddan bəd xəbər alır:

 

“Dostun Şadılı İlyası “Qorkom”un qabağında öldürdülər...”

Boğazdakı güllə yarası və “heç nə yeyə bilmirəm” gileyi...

 

İsrafil bu xəbərdən sarsılır. Başa düşür ki, milislər onun şəhərdən çıxmasını gözləyirlərmiş. Həm də şübhələnir ki, İlyasın qətlə yetirilməsi tapşırığını Bağırov özü verib. Bu, şəhər milisinin öz iradəsi ola bilməzdi, cəsarət etməzdilər buna. İsrafil onu da öyrənir ki, dostları yenə şəhərdən qaçaq düşüblər, milislər onları rahat buraxmır.  Elə bununla da İsrafil Bağırovdan “qırılır”.  Bağırov həm də İsrafilə verdiyi vədi də yerinə yetirmir.  O, Bağırovdan xahiş edibmiş ki, kiçik qardaşını davaya aparmasınlar.  Çox çəlimsiz olur, orqanizmi zəif olduğundan tez-tez xəstələnirmiş. İsrafil deyir ki, onun əvəzinə mən təzədən cəbhəyə getmək istəyirəm. Bağırov ona söz versə də, bunun əksi baş verir. Qısa müddətdən sonra İsrafil qardaşının qara xəbərini alır. Amma Bağırov eyni zamanda Respublikanın bütün hərbi komissarlıqlarına göstəriş verir ki, İsrafilin özü də gəlsə, onu cəbhəyə göndərməsinlər. O, bir neçə dəfə qaçıb cəbhəyə getmək istəyir. Lakin göstəriş elə möhkəm olur ki, İsrafil istəyinə nail ola bilmir. Bir dəfə anasından eşidibmiş  ki, qohumlarından biri Tiflis hərbi komissarlığında işləyir. Günlərin birində heç kəsə bir söz demədən üz tutur Gürcüstana və oradakı qohumunun vasitəçiliyi ilə yenidən cəbhəyə yollanır.  Polşaya qədər gedib çıxsa da, döyüşlərin birində boğazından güllə yarası alaraq hospitala göndərilir.  Bir müddət müalicə olunduqdan sonra yenidən Kirovabada qayıdır. Bacısı oğlu F.Hüseynov onun gəlişini belə  xatırlayır: “Mən balaca uşaq idim. Bizə gəlmişdi. Boğazını bintlə sarımışdılar. Biz bacımla onun qucağına qaçdıq. Hərəmiz bir dizinin üstündə oturduq. Anam bizə təpinirdi ki, dayınızı incitməyin. O, “İşiniz olmasın, qoy otursunlar” deyirdi. Anam yemək çəkəndə isə, istəmədi. Dedi ay bacı, heç nə yeyə bilmirəm, boğazımdan heç nə keçmir. Nənəm də onun  halına üzülürdü. Elə hey deyirdi ki, anası ölmüş bir gün görmədi...”

***

İsrafil bir müddət Kirovabad hospitalında da müalicə olunur. Mircəfər Bağırov ona Kirovabadda mənzil hədiyyə edəndə, əlavə olaraq bağ evi də veribmiş.  Ora da bir qədər yaşayıb. Yenə camaat şikayətə gəlirmiş yanına. Bu da səhhəti qaydasında olmasa da, gedib camaatın problemlərini həll edirmiş. F.Hüseynov deyir ki, dayısı qəhrəman olsa da, ruslardan, sovet quruluşundan zəhləsi gedirmiş və hətta ara-sıra camaatla bu barədə danışırmış da. Deyirmiş ki, almanları öldürməyimə baxmayın, bu rusların ipinin üstünə odun yığılası deyil... Bu söhbətləri də aparıb qoyurlarmış Bağırovun ovcuna ki, Sovet İttifaqı Qəhrəmanı insanlarla Kommunist Partiyasına inamsızlıq yaradır. Hətta bir dəfə Bakıda Opera və Balet Teatrında keçirilən tədbirdə çıxışçılar almanların vəhşi olmasından danışırlarmış. İsrafil bir qədər dinləyəndən sonra ayağa qalxıb göyə atəş açır və deyir ki, bu qədər yalan danışmayın...”  F.Hüseynov bunu da anasından, İsrafilin bacısından eşidib.

1946-cı ildə Bağırov onu Yaltaya göndərir. Deyir ki, get əməlli-başlı müalicə olun, istirahət elə, sonra qayıdarsan. F.Hüseynov həmin günləri belə nəql edir: “Şəhərə xəbər yayılmışdı ki, İsrafil müalicə olunmağa gedir, vəziyyəti yaxşı deyil. Hamı dəmir yolu vağzalına toplaşmışdı. Onu Bakıya gül-çiçəklə yola salıblar. Qatara minəndə bacısını bərk qucaqlayıb ki, bilmək olmaz, bəlkə qayıtmadım...”

 

Əcəl, yoxsa zəhərli iynə?

 

Qəhrəmanı Bakıdan bərəylə yola salırlar. Yaltaya çatsa da, bir gündən sonra Azərbaycana xəbər gəlir: “Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov dünyasını dəyişdi”.

Şəhər camaatı yasa qərq olur. Axı bu necə ola bilər? Öz ayağı ilə getmişdi, necə oldu ki, çatan kimi öldü? İsrafilin ölümünün səbəbi barədə iki versiya var. Biri onun uzun yolda vəziyyətinin pisləşməsi, bədənindəki qəlpələrin tərpənməsi və qanaxma verməsidir. Digər versiya isə daha ağlabatandır. Sovet İttifaqı Qəhrəmanının camaat arasında Kommunist Partiyasına qarşı mənfi fikirlər yayması, şəhər əhalisinin rəhbərliyə, milis rəislərinə deyil İsrafilə güvənməsi,  onun partiya-hökumət nümayəndələrinə ciddi problemlər yaratması, eləcə əvvəllər müxtəlif cinayətlərdə ittiham olmuş şəxslərlə münasibətləri  səbəbindən  Bağırov İsrafili aradan götürməyi qərarlaşdırır. Bu versiyaya görə, Bağırovun qurduğu əməliyyatda iştirak etmiş həkimlərdən biri İsrafil xəstəxanaya çatan kimi ona zəhərli iynə vurub...

 

Bağırovun təyyarəsi və oğurlanmış “Qızıl ulduz”

 

İsrafilin ölüm xəbəri gələn kimi Bağırov cənazənin Azərbaycana gətirilməsi məqsədilə Yaltaya xüsusi təyyarə göndərir. Əvvəlcə belə qərarlaşdırılır ki, İsrafil Məmmədov Bakıda dəfn olunsun. Lakin Kirovabad zəhmətkeşlərinin müraciətilə onun nəşi doğma şəhərinə gətirilir və rus əsgərlərini döydüyü, zabiti bıçaqladığı, gəncliyində dəli-doluluq etdiyi, kasıbın malına göz tikənləri, günahsız insanlara divan tutanları cəzalandırdığı məkanda – Gəncə parkında, indiki Xan bağında dəfn olunur.  Dəfn mərasimində SSRİ-nin müxtəlif yerlərindən ictimaiyyət nümayəndələri, yüksək çinli zabitlər, respublika rəhbərliyi iştirak edir. O vaxtkı qaydalara görə, cənazənin önündə əsgərlər qırmızı yastıqcalar sancılmış qəhrəmanın orden və medallarını aparırlarmış. Hamının başı dəfnə qarışır, qohum əqrəba yas içində, şəhər rəhbərliyi mərasim hayında... Bir də gözlərini açırlar ki, İsrafilin orden və medalları arasında biri yoxdur: Sovet İttifaqı Qəhrəmanının “Qızıl ulduz”u... Məsləyə milis qarışır, qohumlar axtarışa başlayır, amma orden tapılmır ki, tapılmır. F.Hüseynov deyir ki, o ulduzu indi də axtarırlar: “Görünür dəfndə iştirak edənlərdən kimsə onu oğurlayıb. İndi bəlkə də İsrafilin qəhrəman ulduzu kiminsə evindədir. Kim bilir, bəlkə nə vaxtsa tapıldı...”

Üstündən illər keçir, nəsillər dəyişir, çox adam bilmir ki, İsrafil Məmmədovun abidəsi  dayanan yerdə elə onun özünü dəfn ediblər. Cəmi bir neçə il öncə qohumlar şəhər rəhbərliyinə müraciət edir ki, bu barədə heç olmasa bir lövhə hazırlansın. Dünənə qədər uşaqların üzərində oynadığı mərmər daşında indi bu sözlər yazılıb: “İsrafil Məmmədov burada dəfn olunub”.  Artıq hamı bilir ki, bu, qəhrəmanın sinə daşıdır! İndi bu məzarın üzərində həm də Azərbaycan bayrağı dalğalanır...

 

....Və son, 8 ildən sonra...

 

İsrafil dünyasını dəyişəndən 8 il sonra həyat yoldaşı Yevdakiya Gəncəyə gəlib qaynanası Gülsüm arvadla görüşür. Deyir ki, xeyir-dua almağa gəlib, yoxsa İsrafilin ruhu məni bağışlamaz. “Mən ailə qurmaq istəyirəm. Amma sizin razılığınız olmasa getməyəcəm”. Gülsüm arvad Yevdakiyanın alnından öpüb deyir: “Xoşbəxt ol, qızım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3863
avatar

Nicat Dağlar

Oxşar yazılar