Bir qrup astronom, kəşf edilmiş ən kütləli 10 qara dəlikdən birinə daxil olan superkütləli qara dəliyi aşkar edib. Ölçmə dəqiqliyindəki səhv payını nəzərə aldıqda, o, ən kütləli qara dəlik adına namizəd ola bilər. Onun kütləsi 36 milyard Günəş kütləsinə bərabərdir ki, bu da qalaktikamızın mərkəzindəki qara dəliyin kütləsindən 10 000 dəfə çoxdur. “Bu, indiyə qədər aşkar edilmiş ən kütləli 10 qara dəlikdən biridir və çox güman ki, onların ən kütləlisidir” - deyə alimlər bildiriblər. Adətən, superkütləli qara dəliklər ətraf materiyanı aktiv şəkildə udarkən üzə çıxırlar. Bu zaman onlar bütün dalğa uzunluğu diapazonlarında şüalanma yayırlar ki, bu da onların kütlələrini kifayət qədər dəqiq hesablamağa imkan verir. Həmçinin, bu obyektlərin kütlələri, qravitasiyasının təsirinə məruz qalan yaxın ulduzların hərəkət sürətinə görə müəyyən edilə bilər.
Yeni rekordçunun vəziyyətində isə hər şey fərqli olub. Bu superkütləli qara dəlik “yatmış” vəziyyətdədir - onun aktiv akkresiya diski yoxdur və ona yaxın ulduzların dinamikasını müşahidə etmək üçün kifayət qədər uzaqda yerləşir. Lakin alimlər bu obyekti “çəkməyin” yolunu tapıblar. Vacib amil ondan ibarətdir ki, superkütləli qara dəlik Günəşdən təxminən 5 milyard işıq ili uzaqda yerləşən kütləli qalaktikada mövcuddur. Onların birgə kütləsi ətrafdakı məkan-zamanı o qədər güclü şəkildə əyir ki, uzaqdakı fon obyektləri üçün qravitasiya linzalanması effekti yaranır. Şəkillərdə qalaktikanın və onun mərkəzindəki qara dəliyin ətrafında tamamlanmamış bir Eynşteyn halqası görünür. Bu, uzaqdakı bir qalaktikanın halqa şəklində uzanmış təsviridir. Alimlər həmçinin qara dəliyin yaxınlığında ulduzların seçilə bildiyi zəif formalaşan strukturları müşahidə edə biliblər.
Onların hərəkət dinamikası ilə bağlı məlumatlar - sürətin təsəvvürəgəlməz 400 km/s-ə çatması - və qravitasiya linzalanmasının gücünə dair qiymətləndirmələr qara dəliyin kütləsini daha dəqiq hesablamağa imkan verib. “Biz qara dəliyin təsirini 2 yolla aşkar etdik: o, yanından keçən işığın trayektoriyasını dəyişdirir və yerləşdiyi qalaktikanın daxili bölgələrindəki ulduzları son dərəcə sürətlə (təxminən 400 km/s) hərəkət etməyə məcbur edir. Bu iki ölçümü birləşdirərək qara dəliyin real olduğuna tam əmin ola bilərik” - deyə tədqiqatçılar izah ediblər. Kəşf, qalaktikaların kütlələri ilə onların mərkəzlərindəki superkütləli qara dəliklərin kütlələri arasındakı uyğunluğu daha yaxşı anlamağa kömək edəcək. İstisna deyil ki, bu kəşf nümunəsi əsasında alimlər başqa “yatmış” superkütləli qara dəlikləri də tapa biləcəklər və rekordçular siyahısı böyüməyə davam edəcək.