O uşaq bağırır: "Fəhlə var!"-REPORTAJ
08 noyabr 2013 22:04 (UTC +04:00)

O uşaq bağırır: "Fəhlə var!"-REPORTAJ

O, bütün gününü beləcə - "Fəhlə var!" - deyib çağırır. Günün istənilən saatında bu balaca oğlana paytaxtdakı “yaşıl bazar”da rast gəlmək olar. Adı Nəcməddindir. Əvvəlcə bizimlə söhbət etməkdə çəkindi. Deyir, tanışların, məhəllə uşaqlarının yanında ayıbdır. Bazarda fəhləlik elədiyini biləcəklər.

 

“Öz dediyinə görə, bu balaca oğlanın 16 yaşı var. Düzdür, zahiri görünüşünə görə ona bu yaşı vermək mümkün deyil. Neçə ildir ki,  məktəbə də getmir. Deyir ki, ailəsinin maddi vəziyyəti pis olduğundan işləməyə məcburdur”.

 

APA TV-nin müşahidələri zamanı məlum oldu ki, bazarda Nəcməddin kimi uşaqlar az deyil. Kimisi özündən ağır yükü arabalara yükləyib min bir əzab əziyyətlə daşıyır, kimisi də arabası olmadığından məcbur olub yükü qucağında aparmalı olur. Əvəzində 1 manat alır. Günün axırında isə qazancı təxminən 10-20 manat olur.

 

- Neçə yaşın var?

- 13.

- Adın nədir?

-  İsmayıl.

- Niyə burada işləyirsən?

-  Özüm işləyirəm.

- Günə nə qədər  pul qazanırsan?

- 10-15 manat.

- Kiminlə yaşayırsan?

- Anam mağazada işləyir, atam da burada araba sürür. 

 

 

Satıcıların dediyinə görə, səhər bazar açılanda balaca sakinlər də peyda olurlar. Azyaşlı fəhlələrin əsas işi də elə səhərin alaqaranlığında rayonlardan bazara gələn malı boşaltmaqdır.

 

- Elə ki səhər açıldı, bu uşaqlar özlərini çatdırırlar bura. Səhərdən axşama kimi burada işləyirlər. Hamısı da məktəb yaşlı uşaqlardı. Bəzisinin valideyni də burada işləyir.

- Bəs məktəbə getmirlər? Yox, bütün günü burada olurlar.

 

Yeni qəbul olunmuş qanun layihəsinə görə, 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir. Amma buna baxmayaraq, uşaqlar yenə də bazarlarda, ictimai nəqliyyatda, daş karxanalarında, təsərrüfat işlərində istismar olunur.

 

Uşaq Hüquqlarını Müdafiə Liqasının hüquqşünası Yusif Yəhyayev deyir ki, bu ilin ilk 9 ayı ərzində uşaq "qaynar xətt"inə 12 müraciət daxil olub. Y.Yəhyayev hesab edir ki, bu rəqəm reallığı əks etdirmir: “15-16 yaşlılara həftədə 24 saat işləməyə icazə verilir.  Bunu həftənin 6 gününə bölsək, hər uşaq gündə 4 saat işləyə bilər. 16-18 yaş arası yeniyetmələr həftədə 36 saat işləyə bilərlər. Bu da gündə 6 saat işləmək deməkdir. Valideynin razılığı olmadan və ya əmək müqaviləsi imzalanmadan uşaqların həmin müddətdən artıq işləməsinə yol vermək olmaz. Bu ciddi qanun pozuntusudur”.

 

Mütəxəssislər bildirirlər ki, uşaqların kiçik yaşlarından işə cəlb edilməsi onların psixologiyasına və sağlamlığına mənfi təsir edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin rəis müavini Pərviz Əliyev deyir ki, bu ilin birinci yarısında uşaq əməyindən qeyri-qanuni istifadə ilə bağlı 3 hal qeydə alınıb. Bu rəqəm ötən illərlə müqayisədə xeyli azdır. Statistik məlumatlara görə, 2008-ci ildə 15 yaşa qədər işləyən uşaqların sayı 10 100 nəfər idisə, 2010-cu ildə bu rəqəm 6200 nəfərə qədər azalıb. 2012-ci ildə müvafiq hal üzrə 5, cari ilin birinci yarısında isə 3 fakt qeydə alınıb.

 

Pərviz Əliyev bu barədə belə deyib: “Əgər belə fakt aşkarlanarsa, həmin uşağın ailəsi və özü nəzarətə götürülür. Valideynə xəbərdarlıq edilir. İlkin olaraq cərimə tətbiq olunur. Daha sonra həmin uşağın valideynləri valideynlik hüququndan məhrum olunur”.

 

Təbii ki, bu, problemin sənəd üzərində olan qanuni tərəfləridir. Məsələnin əsas tərəfi isə bu gün bazarlarda və küçələrdə uşaq əməyinin qanunsuz istismarı ilə bağlı kifayət qədər faktın olmasıdır.

 

İlahə Vəliyeva, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar