Prezident İlham Əliyevin 25 yanvar 2016-cı il tarixli fərman və sərəncamlarında nəzərdə tutulan artımların gələn aydan ödənilməsinə başlanılacaq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ( ƏƏSMN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prezident İlham Əliyev tərəfindən son günlərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan 23 fərman və sərəncam yeni iqtisadi islahatlar mərhələsinə daxil olan ölkədə eyni zamanda sosial siyasət kursunun da daim gücləndiyini təsdiq edir.
“1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezident təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezident təqaüdünün təsis edilməsi haqqında” müvafiq sərəncam həmin şəxslərə dövlət qayğısının artırılmasına yönəlib. Bu sərəncamla qeyd olunan insanlara Prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir və artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49, 2 min manat əlavə vəsait ayrılacaq.
Bundan başqa, dövlət başçısının “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezident təqaüdü”nün artırılması və “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” müvafiq Fərmana əsasən, həmin şəxslərə, yəni əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18 525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.
Xatırladaq ki, dövlət başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə sözügedən şəxslərə ödənilən aylıq sosial müavinətin məbləğinin də 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması nəzərdə tutulub.
Azərbaycan Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” 25 yanvar 2016-cı il tarixli Fərmanı ümumilikdə 869 nəfərə şamil olunacaq. Fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır. Belə ki, bu aylıq sosial müavinətlər peşə əmək qabiliyyəti 29 faizədək itirildiyi halda - 33 manat, 30 faizdən 59 faizədək itirildiyi halda - 44 manat, 60 faizdən 79 faizədək itirildiyi halda – 55 manat, 80 faiz və daha çox itirildiyi halda isə 66 manat, işçi həlak olduqda isə 77 manat müəyyən edilib. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq.
“Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 25 yanvar 2016-cı il tarixli Sərəncam mövcud iqtisadi şəraitdə ünvanlı dövlət sosial yardımı almaq üçün ailələr tərəfindən ediləcək müraciətlərin nisbətən artması nəzərə alınaraq imzalanıb. Bununla əlaqədar olaraq, Sərəncamda ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 (iyirmi) milyon manat ayrılması nəzərdə tutulub.
Dövlət başçısı “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”, “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında”, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” 25 yanvar 2016-cı il tarixli Sərəncamlar da imzalayıb.