GÜNÜN ŞƏRHİ
Nəhayət, Azərbaycanın beynəlxalq aləmdən gözlədiyi ədalətli mövqe bildirildi. Ermənilərin öz dədə-baba yurdunda girov götürdüyü, birini öldürüb, digər ikisinə işgəncə verdiyi soydaşlarımızla bağlı bu dəstəyin ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətin xarici işlər naziri səviyyəsində səsləndirilməsi ümidvericidir. Bu çağırışın qərblə son vaxtlar daha gərgin münasibətdə olan Rusiya tərəfindən məhz Avropanın mərkəzində dilə gətirilməsini məsələnin görünməyən tərəfləri ilə əlaqələndirmək istəmirəm. Çünki fakt faktlığında qalır. Rusiya münaqişənin həllinə cavabdeh olan bir qurumun toplantısında konkret mövqe ortaya qoydu. Ermənistanın Azərbaycanın hava sərhədlərini pozan və təmas xəttində açıq-aşkar təxribat törədən döyüş helikopterinin vurulmasına anındaca münasibət bildirən, amma bu vaxta qədər "Kəlbəcər girovları" ilə bağlı bircə cümlə də işlətməyən digər həmsədr ölkələr isə yenə səslərini çıxarmadı.
Amma artıq danışmaq vaxtıdır, cənablar! Məncə düşünmək üçün zamanınız tükənir...