Vətənə xidmət hərbi qulluqçu üçün yalnız peşə deyil, həm də ömür boyu daşıdığı məsuliyyətdir. Bu məsuliyyət döyüş meydanında daha böyük məna qazanır. Çünki belə anlarda hərbi andına, silahdaşlarına və Vətəninə sədaqət yalnız sözlə deyil, əməl ilə sübut olunur. Azərbaycan tarixində də bu sınaq qarşısında mərdlik göstərərək canını Vətən yolunda fəda edən oğulların adı xüsusi yer tutur.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra da Azərbaycan qarşısında yeni təhlükəsizlik çağırışları dayanırdı. 2023-cü il sentyabrın 19-dan 20-dək keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti qarşıya qoyulan döyüş tapşırıqlarının icrasında iştirak etdi.
Lent.az xəbər verir ki, onların arasında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş əsgər Məmmədov Azər Sulduz oğlu da vardı.
Azər 1990-cı il yanvarın 9-da Biləsuvar şəhərində anadan olmuşdu. 2009-cu ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmət onun üçün başa çatan bir mərhələ deyil, gələcək həyat yolunun başlanğıcı oldu. Mülki sahədə işləmək imkanı olsa da, o, həyatını hərbçi peşəsinə bağlamaq qərarına gəldi. Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün Daxili Qoşunların komandanlığına müraciət etdi və müsbət cavab aldı. 2014-cü il martın 28-dən etibarən Daxili Qoşunların sıralarında xidmətə başlayan Azər xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunda atıcı vəzifəsinə təyin edildi. Xidmət illərində yüksək döyüş və mənəvi-psixoloji hazırlığı, tapşırıqlara məsuliyyətli münasibəti ilə seçildi. Onun üçün xidmət yalnız verilən əmrləri yerinə yetirməkdən ibarət deyildi. Hərbi qulluqçu kimi üzərinə düşən vəzifəni layiqincə icra etmək, insanların təhlükəsizliyini qorumaq və silahdaşlarının yanında olmaq onun xidmət yolunun əsas xüsusiyyətlərindən idi.
2020-ci il Vətən müharibəsi zamanı Azər Gəncə şəhərində, eləcə də Göygöl və Gədəbəy rayonlarında komendant postlarında xidmət aparırdı. Həmin günlər Gəncə şəhəri Ermənistan tərəfindən bir neçə dəfə raket atəşinə tutuldu. Dağıntılar altında dinc sakinlərin həyatını itirməsi və yaralanması onun da şahidi olduğu ağır mənzərələrdən idi. Belə məqamlarda Azər və silahdaşları insanların təhlükəsizliyinin təmin olunması üçün üzərlərinə düşən vəzifələri qətiyyətlə yerinə yetirdilər. Müharibənin Zəfərlə başa çatmasından sonra da onun xidməti davam etdi. Azər müxtəlif vaxtlarda işğaldan azad edilmiş Şuşa şəhərinə, Laçın və Kəlbəcər rayonlarına ezam olunaraq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirdi. Bu xidmətlər onun peşəkar hərbçi kimi qazandığı təcrübəni daha da möhkəmləndirdi.
2023-cü ilin sentyabrında isə Azərin həyatında son döyüş oldu. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladı. Sentyabrın 20-nə keçən gecə dəstə komandiri polkovnik-leytenant Rəşad Hüseynovun rəhbərliyi altında şəxsi heyət Laçın rayonunun Nağdalı kəndindən Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində avtomobillərlə hərəkətə başladı. Hələ müəyyən olunmuş hüdudlara çatmamış hərbi qulluqçular ilk hücumla üzləşdilər. Hücum dəf edildi, düşmənin atəş nöqtələri susduruldu. Döyüş zamanı bəzi hərbi qulluqçular yaralandı. Buna baxmayaraq, şəxsi heyət qarşıya qoyulan tapşırığın icrasını davam etdirdi. Vəngli kəndinə az məsafə qalmış isə onları düşmən pusqusu gözləyirdi.
Yolun kənarlarından müxtəlif çaplı silahlardan atəş açıldı, hərbi qulluqçuların üzərinə qumbaralar atıldı. Bir anda yol ağır döyüş meydanına çevrildi. Hərbi qulluqçular tutduqları mövqelərdən geri çəkilməyərək düşmənə qarşı müqavimət göstərdilər. Döyüşün ağırlığına baxmayaraq, onlar mətinliklə vuruşdular. İtki verən düşmən geri çəkilməyə məcbur oldu. Azər də həmin döyüşdə sonadək mübarizə apardı. O, ağır döyüş şəraitində bədəninin müxtəlif nahiyələrindən yaralandı və şəhid oldu. Ömrünü hərbi xidmətə bağlayan, illərlə Vətənin təhlükəsizliyinin keşiyində dayanan qorxmaz Azərin həyat və xidmət yolu da məhz bu döyüşdə sona çatdı.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli müvafiq sərəncamları ilə əsgər Azər Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildi.
Qardaşı Elşən Məmmədovun sözlərinə görə, Azər ona səsli mesaj göndərərək bir xahiş edib: şəhid olacağı təqdirdə valideynlərinə başlarını dik tutmalarını söyləsin. Bu, onun ailəsinə son sözləri oldu.
Biləsuvarın igid oğlu Azər Məmmədov bu gün aramızda olmasa da, onun adı Vətən uğrunda canından keçən qəhrəmanların sırasında yaşayır. Esmira Günəşin müəllifi olduğu “Cəsur qəhrəmanlar” kitabında onun haqqında məlumat və Azərə həsr olunmuş şeir dərc edilib. Bu da şəhidin adının gələcək nəsillərə çatdırılmasının, onun göstərdiyi qəhrəmanlığın yaddaşlarda yaşadılmasının bir nümunəsidir.