Dubay çoxdan göydələnlərin, dəbdəbəli otellərin və nəhəng ticarət mərkəzlərinin simvoluna çevrilib. Lakin müasir memarlığın arxasında tamam başqa bir şəhər gizlənir: tarixi məhəllələr, ənənəvi qayıqlar, yaradıcı məkanlar və müxtəlif mətbəxlər.
Lent.az xəbər verir ki, köhnə Dubayı tanımaq üçün əsas məkanlardan biri Dubay Krik hesab olunur. Bu dəniz qolu əsrlər boyu ticarətdə mühüm rol oynayıb və şəhəri Fars körfəzi, Şərqi Afrika və Hindistana gedən marşrutlarla əlaqələndirib.
Bu gün turistlər Kriki “abra” adlanan ənənəvi taxta qayıqlarla keçə bilirlər. Bu qayıqlar Deyra və Bur-Dubay rayonları arasında hərəkət edir, səfərin qiyməti isə cəmi 1 dirhəmdir.
Yaxınlıqda tarixi Əl-Fahidi məhəlləsi yerləşir. Burada göydələnlər əvəzinə dar küçələr, qum rəngli tikililər və ənənəvi külək qüllələri görmək mümkündür. Bu məhəllə Dubayın müasir meqapolisə çevrilməzdən əvvəl necə göründüyünü təsəvvür etməyə imkan verir.
Şəhərin başqa bir maraqlı tərəfini Əl-Kuz sənaye rayonunda yerləşən Alserkal Avenue-da görmək olar. Köhnə anbar və istehsal binaları burada müasir incəsənət məkanlarına çevrilib. Ərazidə qalereyalar, müstəqil kinoteatr, kafelər, fudzona və müxtəlif yaradıcı, həmçinin idman məkanları fəaliyyət göstərir.
Dubayın qastronomik həyatı da olduqca zəngindir. Şəhərin beynəlxalq əhalisi sayəsində burada dünyanın müxtəlif ölkələrinin mətbəxləri təqdim olunur. Seçimlər yüksək səviyyəli restoranlardan küçə yeməklərinə qədər uzanır.
Məşhur restoranlar arasında Michelin ulduzlu Orfali Bros xüsusi qeyd olunur. Burada Suriya kulinariya ənənələri müasir qastronomik yanaşmalarla birləşdirilir. Tresind restoranında isə ənənəvi hind yeməklərinə müasir və fərqli təqdimat verilir.
Daha sadə yeməklərə üstünlük verənlər üçün Meksika mətbəxi təqdim edən Taqueria El Primo uyğun seçim ola bilər. Burada xüsusilə tako və tostada sifariş edilir.
Dubayın bu tərəfini piyada qastronomik turlar vasitəsilə də kəşf etmək mümkündür. Belə gəzintilər zamanı turistlər həm müxtəlif rayonların tarixini öyrənir, həm də fərqli milli mətbəxlərin yeməklərini dadırlar.
Səfər planlaşdırarkən mövsümü də nəzərə almaq lazımdır. Yay aylarında Dubayda gündüz temperaturu 40 dərəcəni keçə bilər və buna görə turistlərin sayı azalır. Səyahət üçün daha rahat dövr noyabr ayına yaxın vaxt hesab olunur, çünki bu zaman güclü istilər tədricən azalır.