Şuşanın daşlarına ad yazmaq qəhrəmanların xatirəsinə  hörmətsizlikdir
04 sentyabr 2026 14:06 (UTC +04:00)

Şuşanın daşlarına ad yazmaq qəhrəmanların xatirəsinə hörmətsizlikdir

0

Şuşaya səfər edən turistlərin şəhərdəki qaya daşlarının üzərini yazması əksəriyyətin etirazına səbəb olub.

Lent.az xəbər verir ki, sosial mediada bununla bağlı paylaşımlar getdikcə artır.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil: “Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.

Həqiqətən də Şuşada təbiət abidələrinin və qayaların üzərinə boya ilə adların yazılması ictimaiyyət arasında narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin şəhərin qayalarına öz adlarını həkk etməyə çalışdığı görünür. Bu davranış adi bir intizamsızlıq deyil, Şuşanın tarixinə, təbiətinə və uğrunda canından keçən qəhrəmanların xatirəsinə qarşı hörmətsizlikdir.

Şuşa Azərbaycan xalqı üçün sadəcə gəzməli və şəkil çəkdirməli bir məkan deyil. Bu şəhərin hər daşı uzun illərin həsrətini, müharibənin izlərini və şəhidlərimizin qanını daşıyır. Azərbaycan əsgəri Şuşaya gedən sıldırım qayaları böyük çətinliklə aşıb, şəhərin azadlığı uğrunda həyatını təhlükəyə atıb. Bu səbəbdən həmin qayalara boya ilə ad yazmaq şəxsi iz buraxmaq yox, milli yaddaşa zərər vurmaq kimi qiymətləndirilməlidir.

İnsanların Şuşaya səfər etməsi, şəhəri görməsi və onun gözəlliyini yaxından tanıması sevindirici haldır. Lakin hər bir ziyarətçi öz davranışına görə məsuliyyət daşımalıdır. Tarixi və təbii məkanlarda divarlara, daşlara, ağaclara ad yazmaq, tullantı atmaq və ətraf mühitə ziyan vurmaq qəbuledilməzdir. Şuşaya sevgi adını qayaya yazmaqla deyil, şəhəri təmiz saxlamaq, onun tarixini öyrənmək və müqəddəs xatirələrinə ehtiram göstərməklə ifadə olunmalıdır.

Belə yazılar təkcə görüntü çirkliliyi yaratmır. Boyanın qayalardan təmizlənməsi zamanı daşların təbii səthi zədələnə, uzun illər ərzində formalaşan quruluşu korlana bilər. Bir neçə şəxsin məsuliyyətsiz davranışı sonradan başqaları üçün də pis nümunəyə çevrilə bilər. Bu gün bir qayaya yazılan ad vaxtında silinməsə və qarşısı alınmasa, sabah həmin ərazi çoxsaylı yazılarla örtülə bilər.

Aidiyyəti qurumlar belə hallara qarşı nəzarəti gücləndirməli, tarixi və təbii ərazilərdə müşahidə kameralarının sayını artırmalı, qaydaları pozan şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görməlidir. Eyni zamanda, Şuşaya səfər edən turistlərə və ziyarətçilərə davranış qaydaları əvvəlcədən izah edilməlidir. Xəbərdaredici lövhələr, maarifləndirici materiallar və ictimai çağırışlar bu istiqamətdə faydalı ola bilər. Qaydalara əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsi də vacibdir.

Bununla belə, məsələ yalnız cəza ilə həll olunmamalıdır. Ailədə, məktəbdə və cəmiyyətdə tarixi irsə münasibət düzgün formalaşdırılmalıdır. Uşaqlara kiçik yaşdan başa salmaq lazımdır ki, təbiətə və abidələrə zərər vurmaq sadəcə qayda pozuntusu deyil, gələcək nəsillərin haqqına girməkdir.

Şuşanı qorumaq yalnız dövlət qurumlarının işi deyil. Hər bir vətəndaş belə hallarla qarşılaşdıqda biganə qalmamalı, qaydanı pozan şəxslərə xəbərdarlıq etməli və aidiyyəti qurumlara məlumat verməlidir. Güllə və qan izlərinin olduğu, azadlığı uğrunda canlar verilən Şuşada belə halların təkrarlanmaması üçün birlikdə mübarizə aparmalıyıq. Şuşanın daşlarında yadigar qalmalı olan şəxsi adlar deyil, bu torpağı azad edən qəhrəmanların şərəfli tarixidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar