Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? -  Səbəbi açıqlandı
19 sentyabr 2026 19:26 (UTC +04:00)

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

0

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixologiya elmləri namizədi Janat Birjanova insanların saatda 11:11, 14:14 və ya 17:17 kimi eyni rəqəmləri görməyə xüsusi məna verməsinin səbəblərini izah edib.

Mütəxəssisin sözlərinə görə, insan beyni təsadüflər arasında əlaqə qurmağa və hadisələrdə müəyyən qanunauyğunluq tapmağa meyllidir. Dünya nə qədər nizamsız və qeyri-müəyyən görünürsə, insan onu izah etməyə və nəzarət hissi yaratmağa bir o qədər çox ehtiyac duyur.

Psixoloq bildirib ki, bəzi insanlar üçün eyni rəqəmləri görmək narahatlığı azaltmağın bir üsuluna çevrilə bilər. Məsələn, 11:11-i görən şəxs bunu yaxşı əlamət kimi qəbul edərək hər şeyin yaxşı olacağına özünü inandıra bilər.

Onun fikrincə, rəqəmlərə mistik məna vermək müəyyən hallarda insana psixoloji rahatlıq gətirsə də, bunun həyati qərarların əsasına çevrilməsi düzgün deyil.

Nə vaxt təhlükəli ola bilər?

Mütəxəssis qeyd edir ki, insan 07:07-ni görüb sadəcə gülümsəyir, arzu tutur və gündəlik həyatına davam edirsə, bunda ciddi problem yoxdur.

Lakin “15:15 gördüm, deməli razılaşmalıyam”, “istədiyim rəqəmi görmədim, deməli bunu etməməliyəm” və ya “03:03 xəbərdarlıqdır, səfəri ləğv edirəm” kimi yanaşmalar artıq insanın davranışına təsir göstərməyə başlayır.

Psixoloqun sözlərinə görə, zərərsiz görünən rituallar narahatlığı azaltmağa xidmət edə və zaman keçdikcə vərdişə çevrilə bilər. Əgər insan qərarlarını bu rituallara əsasən verməyə başlayırsa, bu, artıq sağlam yanaşmadan uzaqlaşmaq deməkdir.

Narahatlıq artdıqca “işarələr” də çoxalır

İnsanların xüsusilə yeni iş, münasibətlərin bitməsi, köç, maliyyə problemləri, çətin seçim və mühüm qərar gözləmək kimi qeyri-müəyyən dövrlərdə “işarələrə” daha çox diqqət yetirdiyi bildirilir.

Birjanovanın sözlərinə görə, insan nə baş verəcəyini bilmədiyi zaman taledən və ya kainatdan təsdiq almağa ehtiyac duyur. Bu isə müvəqqəti olaraq narahatlığı azalda bilər.

Psixoloq vurğulayıb ki, insanın əvvəlcədən inandığı fikirlər də onun ətrafındakı məlumatları necə qəbul etməsinə təsir edir. Şəxs müəyyən bir ideyaya inanırsa, beyni şüurlu və ya şüursuz şəkildə həmin inancı təsdiqləyən nümunələri daha çox seçməyə başlayır.

Məsələn, kimsə müasir dünyadakı problemlərin əsas səbəbinin telefon və sosial şəbəkələr olduğuna inanırsa, gündəlik həyatda məhz bu fikri təsdiqləyən hadisələrə daha çox diqqət yetirəcək. Halbuki problemin real səviyyəsi dəyişməyə də bilər.

Mütəxəssis insanların rəqəmlərdən və “işarələrdən” daha çox öz daxili narahatlıqlarını anlamaq üçün istifadə etməsinin faydalı ola biləcəyini deyib.

Onun sözlərinə görə, belə anlarda insan özündən “mən hazırda nədən qorxuram?”, “niyə təsdiqə ehtiyac duyuram?” və “məni həqiqətən nə narahat edir?” kimi suallar soruşmalıdır.

Psixoloqlar bildirirlər ki, saatda təkrarlanan rəqəmlərin gələcəyi proqnozlaşdırdığı və ya kainatdan obyektiv mesaj daşıdığına dair elmi sübut yoxdur. Bununla belə, həmin rəqəmlərə verdiyimiz məna öz qorxularımız, ümidlərimiz və gözləntilərimiz haqqında müəyyən məlumat verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar