“Keçən əsrin əvvəllərində Azərbaycanda cəmi 23 yaşayış məskəni sürüşmə zonası sayılırdısa, indi bu rəqəm 370-ə çatır. Həmin dövrdə əhalinin sayı 1 milyon nəfər idi, indi isə Azərbaycan əhalisinin sayı 9,5 milyona çatıb. Bu, insanların təbiətə müdaxiləsinin 9 dəfə artması deməkdir”.
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Nəriman Paşayev əvvəlki dövrə nisbətən Azərbaycan ərazisində sürüşmələrin artdığını deyib: “Əgər 1920-ci ildə Azərbaycanda cəmi 23 yaşayış ərazisində sürüşmə qeydə alınmışdısa, 1990-cı ildə bu göstərici 105 yaşayış məntəqəsini əhatə edirdi. Çox təəssüf ki, hazırda bu rəqəm 370-dən artıqdır. Sürüşmələrin baş verməsində həm təbii, həm də antropogen amillər rol oynayır. Daha çox sürüşmələr yaradan amillərdən biri insan fəaliyyətidir. Təbii amillər dedikdə, ərazilərin dağlıq olması, yağıntı miqdarının artması və gilli suxurların çox olması nəzərdə tutulur. Eyni zamanda yolların və kommunikasiya xətlərinin çəkilişində insanlar böyük səhvlərə yol verirlər. Digər məsələ isə, meylli ərazilərin otlaq kimi istifadə olunması və meşələrin məhv olunmasıdır. Hazırda Azərbaycanda əhalinin qazla təminatı həyata keçirilir, lakin hələ də respublika əhalisinin demək olar ki, 10 faizdən çoxu qazla təmin olunmayıb”.
Sürüşmələrin səbəblərindən danışan mütəxəssis bu təbii prosesin qarşısının alınmasının mümkün olduğunu bildirib: “Ölkəmizin ərazisi seysmik zona olmasından əlavə, burada gilli süxurların çox olması da suların süzülməsinə imkan vermir. Nəticədə, yağıntının bol olması, yeraltı suların toplanması nəticəsində meylli ərazilər ağırlığa dözmür, sürüşərək böyük bir ərazini sıradan çıxarır. Digər təbii fəlakətlərdən fərqli olaraq, sürüşmələrin qarşısını almaq mümkündür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə böyük işlər aparır, Azərbaycan ərazisində kütləvi yaşıllaşdırma həyata keçirilir. Lakin Azərbaycan əhalisi həndəsi silsilə ilə artır, yaşayış məntəqələrinin getdikcə genişlənməsi, həmçinin ərazilərin paylanmasında və təsərrüfata cəlb olunmasında sürüşməyə meylli ərazilərin nəzərə alınmaması, xüsusilə də meyliliyi 10 dərəcədən yuxarı olan ərazilərin əkinə cəlb edilməsi, otlaq və biçənək kimi istifadəsi sürüşmələrə səbəb olur”.
Qonaq Abşeron yarımadasında müşahidə olunan sürüşmə əraziləri barədə də danışıb: “Bu gün sürüşmələr daha çox yol kənarında, çay kənarlarında olur. Kür-Araz ovalığı istisna olmaqla, Azərbaycanın elə ərazisi yoxdur ki, orada sürüşmə olmasın. Lakin ən çox sürüşmə 4 milyona yaxın əhalinin məskunlaşdığı Bakı şəhəri və onun ətrafında qeydə alınır. Bayıl ərazisində əhali məskunlaşmasında böyük sistemsizlik olub, bu gün həmin ərazini birdən-birə boşaltmaq mümkün deyil. Əhalinin köçürülməsi və həmin ərazidə yaşıllıq zolaqlarının salınması sürüşmənin qarşısını nisbətən ala bilər. Amma hal-hazırda ərazi çox yüklənib. Abşeronda təhlükəli ərazilər çoxdur, Masazırda, Əhmədli, Günəşli massivində, xüsusilə Zığ massivində sürüşmələr gedir. Bəzən yerli özünüidarəetmə orqanları bu ərazidəki torpaqları əhaliyə paylayır və bunun nəticəsində də əhalinin sürüşmə zonalarında kütləvi məskunlaşması gedir. Bunun qarşısını almağın yeganə yolu əhalini nisbətən bu ərazilərdən uzaqlaşdırmaq, kortəbii tikilən binalardan köçürmək, həmin ərazilərdə yaşıllıq salmaq ola bilər. Hesablamalar göstərir ki, bu yolla gözlənilən zərərin həcmini on dəfə azaltmaq mümkündür”.
Qonaq Azərbaycanın sürüşməyə meylli rayonlarında vəziyyətin təhlükəli olduğunu deyib: “Sürüşməyə meylli rayonlardan biri də Şamaxı, İsmayıllı regionudur. Bu ərazidə hazırda 90-a yaxın yaşayış sahəsində sürüşmə gedir. Vaxtilə bu ərazilərdə baş verən sürüşmələr yaşayış məskənlərinin tamamilə məhvinə səbəb olub. Quba-Xaçmaz regionunda 96 yaşayış məntəqəsində sürüşmə gedir. Bunlar göstərir ki, Azərbaycanda sürüşmələrə qarşı dövlət səviyyəsində tədbirlər görülməsinə baxmayaraq, sürüşmələrin arealı azalmaq əvəzinə artır”.
AMEA-nın şöbə müdiri yollarda baş verən sürüşmələrin səbəblərindən danışıb: “Quba-Xınalıq yolu, Lənkəran-Lerik yolu və Muğanlı-İsmayıllı avtomobil yolunun ətrafı sürüşmə yaradan amillərdən birinə çevrilib. Muğanlı-İsmayıllı yolunda indiyə qədər son beş ildə 12 dəfə sürüşmə baş verib, Ağsu aşırımında isə 18 dəfə sürüşmə qeydə alınıb. Ağsu aşırımı ətrafında yüzə qədər xırda köşklərin, ticarət obyektlərinin olması, bu obyektlərdən heç birinin kanalizasiya sisteminin olmaması sürüşməni sürətləndirir. Sürüşməyə meylli ərazilərin yaxınlığında yol çəkilişləri zamanı kəsimlərin hündürlüyü bəzən 3-5 metrə çatır. Məsələn, Lənkəran-Lerik yolunda çəkilən yolun hündürlüyü təxminən 3-5 metrdir, heç bir qoruyucu divar da qoyulmayıb. Ərazidə meşə sahəsi salınsa da, ağacların kökü 1,5-2 metrə qədərdir. Bu isə ağacların 3-5 metr kəsimi olan yol çəkilişi zamanı yaranan sürüşmənin qarşısını almaq iqtidarında olmadığın göstərir. Bunun yeganə yolu yol kəsimlərinin ətrafının dəmir-beton sədlərlə, xüsusi dayaqlarla möhkəmləndirilməsidir. Hər il dövlət tərəfindən Muğanlı-İsmayıllı yoluna 1 milyondan çox vəsait ayrılır. Lakin Muğanlıdan İsmayıllıya asma körpü salınmasa, sürüşmə hər il davam edəcək. Eyni mənzərə Mingəçevir su anbarı ətrafında var. Bu ərazidə son 10 ildə 4 dəfə sürüşmə baş verib. Digər su anbarlarının ətrafında, elektrik stansiyasının yaxınlığında vaxtında düzgün iş aparılmadığına görə çökmələr gedir”.
Nəriman Paşayev sürüşmələrin qarşısının alınması üçün xarici təcrübədən də misal gətirib: “Amerikada, Moldovada, Gürcüstanda, Krımda sürüşmələr çoxdur, bu ölkələrdə bu istiqamətdə xeyli işlər görülüb, sürüşmələrin qarşısı alınıb. Sürüşmələrin qarşısını almaq üçün passiv və aktiv tədbirlər var. Passiv tədbirlər həmin ərazilərdə aqrotexniki qaydalara riayət etmək, xüsusilə 10 dərəcə meylli ərazilərdən əkin sahəsi kimi istifadə etməmək, kütləvi olaraq hər tərəfə kök ata bilən ağacların əkilməsidir. Bizim ərazi üçün xüsusilə palıd, fıstıq kimi enliyarpaq ağacların əkilməsi sərfəlidir. Eyni zamanda, bu ərazilərdə heyvandarlığın və əkinçiliyin azaldılmasına xüsusi fikir vermək lazımdır. Aktiv tədbirlər isə dövlət əhəmiyyətli ərazilərdə xüsusi dəmir beton sədlər çəkməkdən ibarətdir. Sürüşmə təhlükəsi olan yollardan ağır tonnajlı avtomobillərin keçməsinin, yolların yükləmələrin qarşısını almaq lazımdır”.
Mütəxəssis iqlim dəyişkənliyinin sürüşmələrə təsir etdiyini bildirib: “Artıq dünya alimləri sübut edib ki, qlobal istiləşmə gedir, amma bu o demək deyil ki, Azərbaycanda quraqlıq olacaq. Qlobal istiləşmə yağıntıların da miqdarının artmasına səbəb olur. Əgər əvvəllər Azərbaycanda sürüşmələr yazda və payızda baş verirdisə, bu gün sürüşmələr qışda da baş verir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Azərbaycanda təbii fəlakətlər idarə olunmalıdır. Hər il təkcə sürüşdürmələrdən ölkəmizə 25-30 milyon manat zərər dəyir. Ümumilikdə isə, ayrı-ayrı təbii fəlakətlərdən Azərbaycana 250-300 milyona manata qədər zərər dəyir. Baxmayaraq ki, bu rəqəm dünya ölkələri ilə müqayisədə çox azdır, ümummilli daxili məhsulun 0,4 faizi qədərdir. Dünya üzrə bu rəqəm 4,6 faiz təşkil edir”.
Qonaq Bakının Nərimanov heykəli ətrafında tikilən hündür binaların sürüşməyə səbəb olması ilə səslənən fikirlərə də aydınlıq gətirib: “Bu ərazidə Azərkörpü çox böyük və bahalı layihə həyata keçirdi. Həmin ərazidə dərinliyi 30 metrdən çox olan 30-40-a qədər dayaqlar qoyuldu və həmin ərazilər betonlaşdırılaraq möhkəmləşdirildi. Bu tədbirlər sayəsində artıq 5-6 ildir ki, Nərimanov dairəsində sürüşmə qeydə alınmır, heç bir çat yoxdur. Bu o deməkdir ki, bu işi bütün sürüşmə zonalarında etmək olar, sadəcə, bu, bir az vəsait tələb edən layihədir”.