Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 1-15 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 136 akt və protokol tərtib olunub.
Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 28 iş üzrə təqsirkarlar 64 min 275 manat məbləğində inzibati qaydada cərimə olunub. Ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 11 min 006.03 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 175 iş üzrə 30 min 791.18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 13, məhkəmələrə isə 1 iş göndərilib.