Bir qrup valideyn Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru Elnarə Həsənova ilə bağlı şikayət edib.
Lent.az-a daxil olan şikayətə əsasən, valideynlər Elnarə Həsənovanın birinci sinifə qəbul zamanı valideynlərdən müəyyən məbləğdə pul tələb etdiyini, pulu ermədikləri halda “məktəbdə yer yoxdur” deyib sənədlərini qəbul etmədiyini iddia edir.
Bundan başqa, valideynlərin dediklərinə görə, məktəbi öz qanunları ilə idarə edən E.Həsənova müəllimlər üçün dərs saatları yazılmasına görə onlardan pul tələb edir. Üstəlik bəzi müəllimlər üçün əlavə dərs saatları yazaraq onların pulunu da özünə götürür.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Lent.az-ın sorğusuna verdiyi cavaba əsasən, Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən məsələ araşdırılıb. Araşdırma zamanı Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin müəllimləri və valideynlərinin yazılı izahatlarından məlum olub ki, məktəbdə hər hansı məqsəd üçün direktor tərəfindən pul yığma halları yoxdur. Cari dərs ilində dərs bölgüsü isə direktor müavini və metodbirləşmə sədrlərinin iştirakı ilə müəllimlər arasında ixtisaslarına uyğun aparılıb.