Nazirlik hüquqşünasları işə dəvət edir
21 yanvar 2016 12:13 (UTC +04:00)

Nazirlik hüquqşünasları işə dəvət edir

 

Respublikanın şəhər, rayon polis idarə və şöbələrində (Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 150 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir.

 

Müsahibə – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə, test imtahanları – müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən  proqram və onu əhatə edən suallar üzrə Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.

 

Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.    

 

Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına  5 il müddətində dəyişdirilməyəcəkdir.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər mia.gov.az./?/az/content/29779/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. 

 

Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydə götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

 

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet;

- əmək kitabçası (olanlar üçün);

 

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

 

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

 

«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.

 

Müsabiqədə iştirak etmək üçün sənədlər 2016-cı il yanvar ayının 21-dən fevral ayının    21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 18-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.  

 

Əlavə məlumat almaq üçün əlaqə telefonları:  (012) 590-93-27;  (012) 590-92-54

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar