Kənd Təsərrüfatı Nazirliyi son zamanlar bəzi kütləvi informasiya vasitələrində broyler toyuqlarının ziyanı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toyuq ətinin və digər heyvandarlıq məhsullarının keyfiyyətinin təyin edilməsi üçün dünya praktikasında göstərilən üsuldan və avadanlıqdan istifadə edilmir: “Buna oxşar çoxlu sayda materialı internet resurslarından əldə etmək olar. Broyler toyuqları haqqında qeyd edilən material respublikamıza aid deyil”.
Məlumatda qeyd edilir ki, nümayiş etdirilən aparat isə Çinin Tyan-Şi firmasının istehsalı olan ozonator aparatı olmaqla bir çox məqsədlər üçün istifadə edilir.
Nazirlik əhalinin nəzərinə çatdırır ki, belə saxta cihazların “müayinəsinə” uymasınlar: "Azərbaycanda istehsal olunan quş əti bütün beynəlxalq standartların tələblərinə tam cavab verir. İstehlak bazarına çıxarılan bütün məhsullara, o cümlədən də quş ətinə keyfiyyət nəzarəti tam təmin edilir".
Nazirlik dezinformasiya yayan bəzi KİV-lərə daha geniş məlumat almaq üçün peşəkar mütəxəssislərin rəyinə və araşdırmalarına diqqət yetirməyi tövsiyə edib.