“Ana və uşaq sağlamlığı sahəsində də müsbət dinamika var. Proqramın qəbul edildiyi 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü 16,2 promillidən 13-dək aşağı düşüb”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.
Nazir bildirib ki, uşaqların sağlamlığı üçün vaksinasiyanın da böyük əhəmiyyəti var. “2013-cü ildə Azərbaycanda uşaqlar inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı vaksinasiya ilə əhatə olunublar. Dekabrdan etibarən isə milli peyvənd təqviminə çoxkomponentli pnevmokok vaksini daxil edilib, bu da uşaqları pnevmoniya xəstəliyindən qoruyacaq.
Ölkə səhiyyəsinin ən mühüm nailiyyətlərindən biri də kadr potensialının inkişafıdır. Son illərdə bu sahədə ciddi islahatlar aparılıb. Tibb təhsilinin baza təhsilinə və rezidenturaya bölünməsi, həkimlərin sertifikasiyası, mərkəzləşmiş imtahan yolu ilə işə qəbul – bütün bunlar islahatların tərkib hissələridir. Keçən il artıq rezidenturanın ilk buraxılışı olub”.
O. Şirəliyev bildirib ki, bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait var. “İstedadlı gənclərə təhsillərini dövlət hesabına xarici ölkələrdə davam etdirmək imkanı yaradılır. Bu praktikanın müsbət nəticələrini Azərbaycanda kardiocərrahiyyənin və transplantologiyanın sürətli inkişafında görmək olar. Hazırda ölkəmizdə açıq ürək əməliyyatları, böyrək köçürülməsi artıq fövqəladə hal deyil, səhiyyəmizin gündəlik hadisəsinə çevrilib. Keçən il minlərlə belə əməliyyat həyata keçirilib”.
Nazirin sözlərinə görə, Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər.