“Ölkədə balıq yetişdirilməsi üçün dəniz və çay kənarlarında süni göllərin yaradılması yaxşı olardı”.
Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Neftçala rayonunun fərdi balıq ovu ilə məşğul olan balıqçıları ilə görüşündə deyib.
Nazir balıqçılarla görüşündə balıq yetişdirilməsi üçün dəniz və çay kənarlarında süni göllərin yaradılması, Xəzər ölkələri arasında müəyyən edilən kvotanın elə balıqçıların özlərinin iştirakı ilə hər kəsin ailə vəziyyətinə və maddi durumuna görə müəyyənləşdirilməsi barədə təkliflər verib.
Bununla belə, balıqçıların da üzərinə məsuliyyət düşdüyü, onların qanuni və vicdani öhdəliklərinin olduğu diqqətə çatdırılıb: "Hamımız birlikdə standarta uyğun gəlməyən balıq tutanları, qadağan olunan ov alətlərindən istifadə edənləri qınaq obyektinə çevirməliyik. Nazirlik tərəfindən balıqartırma zavodlarından su hövzələrinə buraxılan nərə cinsli balıqları xırda ikən tutaraq məhv etmək olmaz. Əks təqdirdə onsuz da ilbəil azalan balıq ehtiyatları yaxın illərdə daha da tükənəcək və ölkənin su hövzələrində balıqçıların gələcək dolanışığı üçün bioresurslar demək olar ki, qalmayacaq".