Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan işlər çərçivəsində Abşeron küçəsinin yenidən qurulması yekunlaşmaq üzrədir.
“Azəravtoyol”ASC-dən Lent.az-a verilən məlumata görə, yaxın günlərdə küçə tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib. İndiyədək bu istiqamətdə ödənilən məbləğ 2 mln. manata yaxındır.
Aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni darvazalar qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.
Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 m2 sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib.
Abşeron küçəsində işlər yekunlaşdıqdan sonra Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılacaq. Aparılacaq işlər çərçivəsində 780 m uzunluğundakı küçənin mövcud ortalama 6 m enindən genişləndirilərək 16 m-ə çatdırılacaq. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 p/m səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.