Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə "Akord" jurnalının son sayı nəşr edilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin təsisçisi olduğu jurnalın bu sayı Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına səfərinə həsr edilib. Oxuculara Azərbaycan Bolqarıstan dostluq münasibətləri, Azərbaycanın dahi mütəfəkkirləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilib.
Bakı Beynəlxalq Mulkulturalizm Mərkəzinin dəstəyi ilə işıq üzü görən Akord jurnalının sonuncu sayının Bolqarıstanın Sofiya şəhərində, Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil edilmiş qəbulda təqdimatı keçirilib. Jurnal qonaqların böyük marağına səbəb olub və onlar Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı haqda jurnalda belə məlumatın verilməsi və jurnalın Bolqarıstan ictimaiyyəti arasında yayılmasını təqdir ediblər. Jurnal "Müqəddəs Kliment Ohridski" adına Sofiya Universitetinin Azərbaycan dili və mədəniyyəti Mərkəzində keçirilən konfransda da təqdim edilib.
Xatırladaq ki, "Qarabağ probleminin Bolqarıstan ictimaiyyəti arasında işıqlandırılması” mövzusunda konfrans Azərbaycan Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım ictimai birliyinin sədri Mariya Hüseynovadır. Birlik ildən-ilə ictimai etibarlılığını artıraraq Azərbaycan və Bolqarıstan xalqlarının mədəni nailiyyətlərinin dərk edilməsi və tirajlanmasına kömək edir. Azərbaycan və Bolqarıstan dövlətləri arasında münasibətlərdə ən mühüm və aktual hadisələr barədə bolqar dilində məlumat verən Akord jurnalında ölkələrimiz arasında fəal siyasi dialoq, mədəniyyət və elmi institutların iqtisadi əlaqələri haqda mütəmadi yazılar dərc edilir.