Mülki silah əldə edilməsi qaydası dəyişdi
26 iyul 2013 19:51 (UTC +04:00)

Mülki silah əldə edilməsi qaydası dəyişdi

Bu gün prezident İlham Əliyev “Xidməti və mülki silah haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

 

Lent. az-ın verdiyi məlumata görə, Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik Milli Məclisin iyunun 21-də keçirilən iclasında qəbul edilib.

 

Dəyişiklik mülki silahın əldə edilməsi ilə bağlıdır. Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. İndiyə qədər etibarlılıq müddəti qurtardıqda vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında şəhadətnamə üç il müddətinə uzadılırdı. Dəyişiklik dövlət rüsumunun ödənilməsi barədə qəbz deyil, sənədin təqdim edilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, şəhadətnamənin müddətinin uzadılması barədə ərizə onun qurtarmasına üç ay qalmış verilir və  müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin verildiyi gündən bir ay müddətində baxılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun. Mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Vətəndaşın bu müraciətindən sonra müvafiq icra hakimiyyəti orqanı yalnız vətəndaş haqqında ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində) ona mülki silahın əldə olunmasına xüsusi icazə verilməsindən imtina edir. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada məhkəməyə şikayət edə bilər.

Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin etibarlılıq müddəti altı aydır. İcazədə  mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti haqqında məlumatlar göstərilir. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur.

 

Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir. Əcnəbilər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi icazə ilə alındığı vaxtdan beş gündən gec olmayaraq ölkədən aparmaq şərti ilə mülki silah əldə edə bilərlər. Əcnəbi şəxs silahın Azərbaycan Respublikasından aparılma müddətini pozarsa, həmin silah müsadirə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1741
avatar

Oxşar yazılar