“Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib. Bu dəyişikliyə görə, müəllimlər artıq ucqar kəndlərdəki vakant müəllim yerlərini seçdikdə orada 3 il çalışmalıdırlar”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq müəllimlər üçün müəyyən məhdudiyyətlər qoyulub. Gənc mütəxəssislər həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndərilirsə, həmin məktəbdə 3 il işləməlidirlər. 3 ildən sonra o, yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər.
F. Qədirov deyib ki, hər il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə işə qəbul olunan müəllimlərdən geri qayıdanlar da olur: “Bu imtina daha çox onların ailə vəziyyəti ilə bağlıdır. Əlbəttə, onlar daha yaxşı şərait axtarırlar və bu şəraiti tapmayanda müəyyən mənada onların ucqar kəndlərdə qalıb işləməsi problem olur. Belə müraciətlərin sayı çox deyil. Biz istərdik ki, belə hallar olmasın”.
Şöbə müdirinin sözlərinə görə, ucqar kənd məktəbləri ölkə üçün vacib əhəmiyyətli təhsil müəssisələri olduğundan burada müəllimlərin həvəsləndirilməsi, onlar üçün uyğun əmək haqqının müəyyənləşdirilməsi vacib şərtlərdəndir: “Son illərdə ucqar yerlərə gənc müəllimləri göndəririk. Mən deməzdim ki, kənd yerlərində gənc mütəxəssislər azdır. Düzdür, onlara əlavə ehtiyac var. Biz də bu ehtiyacı ödəməyə çalışırıq. Bu il də ölkə üzrə 2500-dən çox vakant yer yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulur və onlara həvəsləndirmə tədbirləri tətbiq olunacaq”.