“Qarşımızdakı əsas məqsəd tematika və yayımında problem olan verilişlərin mövcud problemlərini həll etmək ya da ümumiyyətlə, yayımını dayandırmaqdır”.
Bunu Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Lent.az-a açıqlamasında deyib.
Verilişlərlə bağlı monitorinqlərin davam etdiriləcəyini bildirən T. Dadaşov hazırda bütün televiziya və radiolarda sosial problemlərə dəstək adı altında şou yaradılan, insan hüquqlarının və televiziya qanunvericiliyinin pozulduğu verilişlərlə bağlı daha ciddi tədbirlər görüləcəyini vurğulayıb: “Hazırda konkret ad, mövqe qeyd etmədən monitorinqlər aparırıq, aparacağıq da. Bayağı musiqi verilən, aşağı zövqlərə köklənmiş verilişlərlə bağlı da tədbirlər görüləcək, verilişlərin daha çox mədəni maarifləndirməyə xidmət etməsinə çalışacayıq”.
Qeyd edək ki, ötən gün Milli televiziya və Radio Şurasının keçirilən iclasında “ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyi və bu kimi digər səbəblərdən dolayı dayandırılması ilə bağlı qərar qəbul edilib.