23 saylı məktəbin direktoru bəzi qayda pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib
Təhsil naziri Mikayıl Cabbarov orta və ali təhsil müəssisələrinin rəhbərlərinə növbəti xəbərdarlıq edib. Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, təhsil sistemində ciddi qanun pozuntuları baş verərsə, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində buna cavab verəcək. Onun sözlərinə görə, qanun hamı üçün eynidir və hər kəs qanun çərçivəsində cəzalandırılacaq. O qeyd edib ki, ötən həftə Təhsil Nazirliyinin əmri ilə Bakıdakı 23 saylı məktəbin direktoru bəzi qayda pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib.
Təhsil naziri müəllimlərin dərs yükünün artırılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin dərs yükünün artırılması ilə bağlı Təhsil Nazirliyinə müraciətlər edilir: “Biz də bu məsələyə baxır və müsbət yanaşırıq. Ancaq bu, hüquqdur, öhdəlik deyil”. Nazirin sözlərinə görə, müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil: “Biz ümumilikdə təhsil sistemində həvəsləndirmə sisteminin mükəmməlləşdirilməsinə çalışırıq. Hesab edirəm ki, bu gün bizim tətbiqi etdiyimiz həvəsləndirmə sistemi tam optimal deyil. Biz bu istiqamətdə addımlar atmalıyıq və nəzərdən keçirilir”.