Mikayıl Cabbarov Cocuq Mərcanlıda
Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Lent.az-ın məlumatına görə, əvvəlcə təhsil naziri Mikayıl Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid olanların xatirəsini hörmətlə anıblar.
Daha sonra təhsil naziri kənddə inşa olunan şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb.
Təhsil naziri məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib. Nazir bidirib ki, bu tədris ilində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan təhsil naziri bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Təhs naziri Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların rahat şəkildə təlim və tədris prosesində iştirakının burada dinc və firavan həyatın təmin edilməsinə bariz nümunə olduğunu bildirib.
Təhsil Nazirliyi adından məktəbə elektron lövhə və digər hədiyyələr təqdim edildikdən sonra müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.
Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi ölkə Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən tikilib.
Məktəbdə 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim çalışır. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, müəllimlər otağından ibarət məktəb binası lazımi avadanlıqlar, istilik sistemi və internetlə təchiz edilib.
184