Metro qatarlarının təmiri üçün sınaq yolu inşa olunur
05 aprel 2017 13:21 (UTC +04:00)

Metro qatarlarının təmiri üçün sınaq yolu inşa olunur

 

 

Təmirdən sonra metro qatarlarında yoxlama-sınaq işlərinin aparılması məqsədilə "Nərimanov" elektrik deposunda sınaq yolu inşa olunur.

 

Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmirin keyfiyyətini yüksəltmək, vaqon parkını daim saz vəziyyətdə saxlamaq, təmir xərclərini azaltmaq, hərəkət intensivliyini və təhlükəsizliyini artırmaq üçün sınaq yolunun əhəmiyyəti danılmazdır. Qatarların deponun park yollarında yoxlanılması isə lazım olan effekti vermir. Təlimat tələbləri ilə qatarların tunellərdə sınanmasına icazə verilir. Lakin hər sınaq tuneldə aparıla bilməz. Təkcə, əsas təmir növlərindən olan 3 saylı cari təmirdən sonra, qatar 14 km sınaq yolu keçməli, bu zaman mexaniki, pnevmatik və avtomatika sistemləri və avadanlıqları dəfələrlə müfəssəl yoxlanılmalıdır. Qatar hərəkətinin tənzimlənməsində və təhlükəsizliyin təminatında mühüm rol oynayan SAT-ALİ qurğularının sınağı isə qatar 60 km/saat sürət həddində yoxlanılır. Metropoliten xətlərində hərəkətin 30 qatar cütü ilə təşkil edilərək, intervalın optimallaşdırıldığı və hərəkətin intensivləşdirildiyi vaxtdan qatarların ənənə üzrə təmirdən sonra xətlərdə sınanması da mürəkkəb məsələyə çevrilib. Sınaq qatarları hərəkət intensivliyinə, hərəkət qrafikinə, qismən olsa belə, təsir göstərir. Deməli, əlverişli şəraitdə rahat, keyfiyyətli və etibarlı yoxlama-sınaq üçün mütləq bu məqsədə xidmət edən poliqon olmalıdır.


Sınaq yolu metropoliten istismara verildiyi dövrdən aktual məsələdir. Hətta 1970-ci illərdə depo yollarından biri sınaq yolu kimi istifadə edilib, lakin effektsiz olduğundan və standartlara tam cavab vermədiyindən ləğv edilib. Tarixən açıq qalan bu məsələ artıq həll olunub və metropoliten tarixində ilk dəfə ən müasir və aparıcı dünya standartları səviyyəsində qatarların sınaq yolu inşa olunur. 

 


Mövcud şəraitdə belə bir yolun qurulması mürəkkəb olduğundan, «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində «Nərimanov» elektrik deposuna yaxın ərazidə 8 min kvadrat metrə yaxın torpaq sahəsi metropolitenə verilib.
 

 

Yolun ümumi uzunluğu 1060 metr olacaq. Onun 800 metri sınaqların aparılması məqsədilə istifadə ediləcək, 260 metrlik yan yol isə qatar dayanacağı olacaq. Ötən müddət ərzində əsas işlər «Bakı Metropoliteni» QSC-nin vəsaiti və daxili əmək resursları hesabına aparılmaqla, sınaq yolu boyunca istinad divarı inşa olunub, mürəkkəb geoloji şəraitdə torpaq işləri görülüb, birinci beton təbəqəsi tökülməklə yol infrastruktrunun qurulması üçün zəmin yaradılıb.

 


«Bakı Metropoliteni» QSC-nin rəhbərliyi yaranmış fürsəti maksimum fayda ilə dəyərləndirmək məqsədilə yeni sınaq yolunu beton bloklardan qurmaq qərarına gəlib. Çünki bu qərar metro xətlərində gələcəkdə inşa olunacaq yeni beton bloklu yolların texnologiyasının mənimsənilməsi və təcrübə toplanması baxımından daha çox əhəmiyyət kəsb edir. Bu məqsədlə metropolitenin aidiyyatı sahələrinin rəhbər, mütəxəssis və işçi heyətinin nümayəndələri sınaq yolunun çəkilməsinə cəlb olunub.
Qeyd edək ki, beton blokların tətbiqi ilə bağlı ən mühüm nailiyyət onların Azərbaycanda ilk dəfə yerli şəraitdə istehsalının təşkilidir. Bu isə, ilk növbədə, yolun inşasında külli miqdarda vəsaitə qənaət etməyə imkan verir.
 

 

Hazırda beton blokların istehsalı sahəsinin qurulması prosesində metropolitenlə əməkdaşlıq edən Almaniyanın «Vollert» şirkətinin seçdiyi təcrübəli mütəxəssisin iştirakı ilə layihə əsasında, sınaq yolunun 150 metrlik hissəsində beton bloklar düzülüb, üstquruluşu elementləri qurulub və beton blokların bərkidiləcəyi beton təbəqəsinin texniki tələblərə uyğun tökülməsinə hazırlıq və konstruksiya işləri davam etdirilir.
Bu yol həm də yolun üstquruluşu avadanlıqlarının sınaq poliqonu olacaq. Çünki Bakı metropoliteni postsovet məkanında ilk dəfə yollarda tətbiq edilən müasir «Vollert-Rheda» sistemini quraşdırmağa başlayacaq. Bu məqsədlə mürəkkəb axtarışlardan sonra ən səmərəli və sərfəli variant kimi seçilmiş "Vossloh-300 UTS" tipli rels bəndlərindən istifadə edilir. Bu sahədə də istismar təcrübəsi məhz sınaq yolunda aparılır.

 


Sonrakı mərhələdə yoldəyişdirici, işarəvermə, elektrik təchizatı və elektromexaniki avadanlıqlar quraşdırılaraq yol istifadəyə veriləcək. Yeni sınaq yolu metropolitendə qatarların təmiri prosesini sürətləndirməyə, onun səmərəsini və keyfiyyətini dəfələrlə artırmağa təkan verəcək. Eyni zamanda burada qazanılacaq təcrübə yeni inşa olunacaq xətlərdə yeni tipli yolların salınmasını yalnız yerli kadrların hesabına keyfiyyətlə və sürətlə görməyə, yenilikləri genişləndirməyə şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar