Mətbuat Şurası Ceyhun Hacıbəyli haqda sənədli film hazırlayıb
09 iyul 2015 18:41 (UTC +04:00)

Mətbuat Şurası Ceyhun Hacıbəyli haqda sənədli film hazırlayıb

 

 

Azərbaycan Mətbuat Şurasının «Milli mətbuatımız istiqlal yolumuz» silsiləsindən növbəti sənədli filmi görkəmli ictimai xadim, yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyliyə həsr olunub.

 

MŞ-dən Lent.az-a verilən məlumata görə, Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində ərsəyə gəlmiş «Durun gedək evimizə…» filminin ilk nümayişi Qəbələdə baş tutub.

 

«Azərbaycan milli mətbuatı -140: inkişaf yolu və müasir dövrün çağırışları» çərçivəsindəki konfransda reallaşdırılmış nümayişi MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, yerli ictimaiyyətin və mətbuat orqanlarının nümayəndələri izləyiblər. Filmdə C.Hacıbəylinin həyat yolunun spesifik cəhətləri, onun Azərbaycanda milli özünüdərk proseslərindəki xidmətləri, ictimai xadim, yazıçı və jurnalist kimi fəaliyyəti sadalanıb. Bu zaman yerli və xarici ölkələrdəki arxivlərin materiallarına istinad edilib.

 

Qeyd edək ki, «Durun gedək evimizə…» filminin layihə rəhbəri MŞ sədri Əflatun Amaşov, ideya rəhbəri MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ssenari müəllifi isə tanınmış telejurnalist Bəxtiyar Qaracadır. İndiyədək «Milli mətbuatımız istiqlal yolumuz» silsiləsindən görkəmli icimai-siyasi xadimlər - Həsən bəy Zərdabiyə, Əli bəy Hüseynzadəyə, Məmməd Əmin Rəsulzadəyə, Əhməd bəy Ağaoğluya, Məmmədağa Şaxtaxtlıya, həmçinin Azərbaycanda ilk qadın mətbuat orqanı olan «İşıq» qəzetinin fəaliyyətinə həsr olunmuş sənədli filmlər çəkilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar