Ötən həftə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı ev yanıb kül olub.
Lent.az-ın modern.az-a istinadən məlumatına görə, yanğın jurnalistin bacısı Sevinc Fərhadovanın evdə olmadığı vaxt baş verib.
Evin 25-30 min manatlıq dəyərli əşyalarla birlikdə yanıb kül olduğunu deyən Sevinc Fərhadova Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən kömək istəyir. O bildirib ki, baş verən hadisəyə görə hazırda evsizdir və o, faktiki olaraq küçədə qalıb: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yardım istəyirəm. Mən dövlətimizə güvənirəm və “Qaçqınkom"un məni evlə təmin etməsini gözləyirəm”.
Qeyd edək ki, Sevinc Fərhadova 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Fərhadova valideynləri və qardaşı dünyasını dəyişəndən sonra həmin evdə tək yaşayıb. S.Fərhadova Zəngilandan olan məcburi köçkündür.