ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda təxminən 67 milyon il yaşı olan dinozavr skeleti 47,3 milyon dollara satılıb.
Lent.az xəbər verir ki, ABC telekanalının məlumatına görə, “Codi” ləqəbli nanotirannus skeleti beynəlxalq “Sotheby's” hərrac evində satışa çıxarılıb.
Hərracdan əvvəl mütəxəssislər qədim fosilin 6–9 milyon dollara satılacağını proqnozlaşdırırdılar. Lakin yekun satış qiyməti gözləntiləri bir neçə dəfə üstələyib.
“Sotheby's” hərrac evi skeletin yeni sahibinin adının açıqlanmasını istəmədiyini bildirib.
Satışdan sonra “Codi” tarixdə ən yüksək qiymətə satılan ikinci dinozavr skeleti olub.
Qeyd edək ki, iyulun 15-də Nyu-Yorkda “Qus” ləqəbli tirannozavr fosili 50,1 milyon dollara satılıb.