Lerik rayonu, Veri Əliabad kənd orta məktəbinin qonşusunu bıçaqlayaraq intihar edən direktoru Adil Rəhimovun səlahiyyətlərini hazırda məktəbin tədris işləri üzrə direktor müavini əvəz edir.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin məktəbə nazirliyin heç bir nümayəndəsi göndərilməyib, faktla bağlı istintaq orqanları məşğul olur.
Lerik Rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, tədris işləri üzrə direktor müavini məktəbdə ibtidai sinif müəllimi kimi də işləyən orta ixtisas təhsilli Alxasov Vaqif Əzizəli oğludur.
Xatırladaq ki, Veri Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov qonşusu Seyid Balakişi oğlu Qurbanovu bıçaqladıqdan sonra kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib.