Mənzil İstismar Sahələri ləğv olunmayacaq - MÜSAHİBƏ
20 mart 2013 15:00 (UTC +04:00)

Mənzil İstismar Sahələri ləğv olunmayacaq - MÜSAHİBƏ

Nizami Qasımov: “Mənzil İstismar Sahələri  mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında binaların idarə olunmasında iştirak edə bilərlər”

 

2009-cu ilin oktyabrın 1-də yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra mənzil-kommunal təsərrüfatı sahəsində ciddi islahatların aparılacağı gözlənilirdi. Çünki yeni Məcəllə faktiki olaraq mənzil fondunun idarəçilik üsullarının dəyişdirilməsini nəzərdə tutur. Bu Məcəllə yaşayış binalarının idarəçiliyinin təşkili prosesində mənzil mülkiyyətçilərinə, müştərək birliklərə, bələdiyyələrə  geniş imkanlar yaradır. İndi hamı  bu Məcəllənin tətbiqini  səbrsizliklə gözləyir. Artıq İqtisadi İnkişaf Nazirliyində  ilkin hazırlıq tədbirlərinə başlanıb.

 

Lent. az-ın mövzu ilə bağlı suallarını İqtisadi İnkişaf  Nazirliyinin Mənzil-kommunal siyasət şöbəsinin müdiri Nizami Qasımov cavablandırır.

 

Çoxmənzilli binanın idarəetmə üsulu necə müəyyən edilir?

 

- Hazırda mənzil-kommunal sahəsində əsas qanunvericilik aktı 1 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsidir. Həmçinin bu sahənin tənzimlənməsi ilə bağlı Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin sərəncamları var. Bu gün mənzil-kommunal sahəsində fəaliyyətin qurulması və sektorun bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi üçün kifayət qədər qanunvericilik bazası mövcuddur.

 

- Sizcə, çoxmənzilli binalarda yeni idarəetmənin tətbiqinin hansı müsbət tərəfləri var?

 

- Bir çox üstünlüyü...Ən əsası ondan ibarətdir ki, Mənzil Məcəlləsinə əsasən, yeni idarəetmə sistemi sakinlərin öz daşınmaz əmlakları üzərində müstəqil sərəncam verməyə, ondan əlverişli formada istifadə etməyə imkan yaradır . Həmçinin, bu sistem bina sakinlərinə yüksək səviyyədə və fasiləsiz kommunal xidmətlərin göstərilməsinə, çoxmənzilli binalarda təhlükəsiz və əlverişli şəraitdə yaşamağa, istər binanın daxilində, istərsə də binanın ətrafında təmizlik və abadlıq işlərini fasiləsiz yerinə yetirməyə təminat yaradır. Daha bir üstünlük ondan ibarətdir ki, bu idarəetmə üsulu çoxmənzilli binanın saxlanması və istismarı zamanı meydana gələn problemlərin sahə mülkiyyətçiləri tərəfindən tez bir zamanda həll edilməsi imkanlarını artırır.

 

 

- Dövlət başçısının 15 fevral 2011-ci il tarixli fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Bu tapşırıqların icrası nə yerdədir?

 

- Ötən müddət ərzində mənzil-kommunal sahəsində həyata keçiriləcək islahatlarla bağlı  müvafiq işlər görülməkdədir. Təbliğat işlərinin aparılması məqsədilə  tədbirlər keçirilib. Tədbirlərdə yeni Mənzil Məcəlləsinin qəbulunu zəruri edən səbəblər, onun üstünlükləri, əhəmiyyəti izah olunub, iştirakçıların sualları cavablandırılıb. Bununla yanaşı, Bakının Yasamal, Suraxanı və Nərimanov rayonlarında müxtəlif çoxmənzilli binaların sakinləri ilə görüşlər keçirilib, onlara zəruri metodiki köməkliklər göstərilib. “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı kitabça çap olunub. Bu kitabça keçirdiyimiz görüşlərdə paylanmaqla yanaşı, nazirliyin internet səhifəsində yerləşdirilib. Həmçinin mənzil-kommunal təsərrüfatı sahəsində fəaliyyəti tənzimləyən bir sıra qanunvericilik aktlarının layihələri hazırlanaraq  aidiyyəti orqanlara təqdim olunub.

 

- Çoxmənzilli binanın idarəçiliyinin sahə mülkiyyətçilərinə verilməsi nə vaxt reallaşacaq?

 

- Mənzil Məcəlləsində çoxmənzilli binanın 3 idarəetmə forması nəzərdə tutulur. Bunlar binanın sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat ola bilər. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin, yəni sakinlərin ümumi yığıncağında seçilir...

 

- İqtisadi İnkişaf Nazirliyi müştərək birliklərin yaradılmasında bina sakinlərinə, yaxud da bələdiyyələrə hansı dəstəyi verə bilər?

 

- Nazirlik tərəfindən bu sahədə həyata keçiriləcək islahatlarla bağlı mütəmadi olaraq ölkənin iqtisadi rayonları üzrə müxtəlif tədbirlər təşkil olunur, sakinlərlə, bələdiyyə qurumları, yerli icra hakimiyyətləri ilə görüşlər keçirilir. Metodiki vəsaitlər  kitabça şəklində çap olunaraq onlara paylanır. Gələcəkdə də yeni idarəetmə üsullarının formalaşdırılması ilə bağlı nazirlik hərtərəfli zəruri normativ-metodiki köməklik göstərməyə, onların fəaliyyətini əlaqələndirməyə və qarşılaşdıqları problemlərin səmərəli həlli məqsədilə səlahiyyətləri daxilində köməklik göstərməyə hazırdır.

 

- Müştərək birliklər çoxmənzilli binaların idarə edilməsində ciddi keyfiyyət dəyişikliyinə nail ola biləcəkmi?

 

- Yeni Məcəllənin əvvəlkindən ən prinsipial fərqindən biri çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə, yəni sakinlərə məxsus olması və onun istismarı və saxlanması məsələləridir. Həmçinin yeni idarəetmə üsullarının tətbiqi ilə bu sahənin dövlətdən asılılığı aradan qalxacaq və sakinlər binanın saxlanması, kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələləri özləri həll edəcək. Bu isə sakinlərin bir sıra narazılıqlarının aradan qaldırılmasına, onların problemlərinin səmərəli həllinə səbəb olacaq. MMC-nin yaradılmasının əsas müsbət cəhəti sahə mülkiyyətçilərinin idarəetmə siyasətinə təsir etmə və nəzarət imkanının olmasıdır.

 

- Bu sistemin tətbiqindən sonra Mənzil İstismar Sahələrinin taleyi necə olacaq? “JEK”- lər ləğv ediləcək, yoxsa fəaliyyət istiqaməti və funksiyaları dəyişəcək?

 

-  Mənzil İstismar Sahələri bu sahədə ixtisaslaşmış qurumlar olduğu üçün onlar sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında binaların idarə olunmasında və ayrı-ayrı xidmətlərin göstərilməsində iştirak edə bilərlər. Bu, daha real görünür. Belə olan halda göstərilən xidmətlər və onlara görə haqların məbləği yalnız mülkiyyətçilərlə bağlanan müqavilələr əsasında müəyyən olunmalıdır. Ölkənin ümumi mənzil fondunun tərkib hissələrindən biri də dövlətə məxsus mənzil fondudur və onun idarə olunması və saxlanması  dövlət tərəfindən həyata keçirilir. Bu zaman həmin idarəetmənin yenə də “JEK”-lərə həvalə olunması daha düzgün və realdır. Eyni zamanda “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə yerli icra hakimiyyəti dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir ki, bu funksiyalar da həmin MİS-lər vasitəsilə yerinə yetirilir. Göründüyü kimi, həmin qurumların mənzil-kommunal təsərrüfatı sahəsində səlahiyyəti  qanunvericiliklə müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Elxan Salahov

Oxşar yazılar