Kannda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşanla görüşüb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyət günlərinin əhəmiyyəti vurğulanıb, şəhər ictimaiyyəti və turistlər arasında bu mədəniyyət tədbirlərinin doğurduğu əks sədadan məmnunluq ifadə olunub.
B. Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.
Görüşdə Azərbaycanla Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub, bununla bağlı artıq bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib.
B. Broşan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.
Daha sonra bu şəhərdə keçirilən Böyük Səkkizliyin sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunub.