Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" qərar qəbul edib.
Lent.az-ın məlumatına görə, qərara əsasən, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılıb.
Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarına büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq edən məlumatı əldə etdikdən sonra həyata keçirmələri, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə adlı siyahısını 2016-cı il aprelin 1-dək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etmələri, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirmələri və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.
Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarının və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarında çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə təqdim etdikləri adlı siyahını 10 gün müddətində icmallaşdıraraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
Qərara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılacaq.
Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.