16-23 avqust tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) birgə təşkilatçılığı ilə Qusarın Ləzə kəndində marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq.
FAİREX-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu qərarın verilməsinə səbəb FAİREX-in son illər ərzində yerli, regional və dünya miqyaslı tədbirlərdə nümayiş etdirdiyi təşkilatçılıq və peşəkarlıq olub.
İdman qayayadırmanması ilə məşğul olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının qurulması, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnməklə yanaşı, Azərbaycanın təbiət gözəllikləri, burada dağçılıq turizminin inkişafı və mövcud potensial ilə yerində əyani tanış olmaq imkanı qazanmış olacaqlar.
İştirakçılar Təşkilat Komitəsi tərəfindən seçim əsasında müəyyən ediləcək.