Magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib
10 oktyabr 2017 15:54 (UTC +04:00)

Magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib

 

İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib, bu məqsədlə olimpiada hazırlıq mərkəzləri yaradılıb. Cari ildə respublika fənn olimpiadalarına 30 minədək şagird qatılıb ki, bu da ötən ilə nisbətən 9 faiz çoxdur. 
 
 
 
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib.
 
 
Nazir deyib ki, 2017-ci ildə Azərbaycan məktəbliləri dünya fənn olimpiadaları və bilik müsabiqələrində 2 qızıl, 6 gümüş və 32 bürünc medal qazanıblar. Ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib. Cari ildə ali məktəblərə 37624 nəfər qəbul olub. Tələbə adını qazanmış abituriyentlərin bilik səviyyəsinin yüksəlməsini aşağıdakı rəqəmlər ifadə edir. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən çox bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb. Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olanların sayı 36 faiz artıb. Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib.
 
 
 
 
Strategiyaya uyğun olaraq, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər 2017-ci ildə də davam etdirilib, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb, beləliklə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 49 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə üç dəfə çoxdur. Şəffaf və obyektiv təşkil edilən müsabiqə nəticəsində 5 min 644 müəllim işə qəbul edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Bu il qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib.
 
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar