Lent.az-ın yazısına nəcib reaksiya: Qurbanzadələr ailəsinə ev tikilir
14 yanvar 2014 17:27 (UTC +04:00)

Lent.az-ın yazısına nəcib reaksiya: Qurbanzadələr ailəsinə ev tikilir

Siyəzənin Həmənli kəndində acınacaqlı vəziyyətdə yaşayan Qurbanzadələr üçün evin tikintisinə başlanılıb. Lent.az-ın “Cəhənnəmdə şərqi deyənlər” adlı yazısından sonra bir çox xeyriyyəçi insanlar bu ailəyə yardım etdilər. Hər kəs imkanı daxilində bu ailəyə maddi, ərzaq yardımı etdi. “Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatı isə 5 körpənin yaşaması üçün evin tikintisinə başladı.

 

 

Təşkilatının sədri Nərgiz Kərimova bu ailə haqqında ilk məlumatı Lent.az saytından oxuduğunu deyib: “Saytda bu ailə haqqında yayımlanan yazını oxuyandan sonra bu ailə haqqında maraqlanmağa başladım. Ailənin həqiqətən yardıma ehtiyac olub-olmadığına əmin olmaq üçün birinci özüm getdim Siyəzənə. Onların yaşadığı şəraiti görəndən sonra belə qərara gəldim ki, ailənin həqiqətən yardıma ehtiyacı var. Bir neçə dəfə dostlarla bu ailəyə yardım etdik. Amma mən düşündüm ki, ailəyə ərzaq verməklə ailənin problemi düzəlməyəcək. Nəsə başqa bir şey etmək lazımdı. Onların yaşadıqları yerə nə ev, nə otaq demək olmazdı. Toyuq-cücəylə, it-pişiyin arasında beş uşaq böyütmək olmaz. Onlara mütləq bir ev gərəkdi. Təşkilatımız bütün dostlarına müraciət etdi. On gün içində tikiləcək evin layihəsi hazırlandı, tikinti materialı toplandı. İki yataq, bir qonaq otağından, dəhliz, mətbəx və sanitariya qovşağından ibarət olacaq evin kombi istilik sistemi də olacaq. Artıq tikinti işlərinə başlamışıq, evin bünövrəsi tökülüb. Allahın köməkliyi ilə evin tikintisi mart ayında bitməlidir. Ev tikilsin, uşaqların yaşamağa normal şəraitləri olsun. Daha sonra ailənin yaşaması üçün onlara təsərrüfat yaradaq. Həyətlərində toyuq, inək saxlasınlar ki, sabah ailə özü-özünü saxlaya bilsin”.

 

N. Kərimova onu da bildirib ki, "Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatının əsas məqsədi ürəyində qüsuru olan uşaqlara yardım etməkdir: “Təşkilatımız yaranan gündən 735 uşaq xaricdə ürəyindən əməliyyat olunub. Azərbaycanda belə ailələr həddindən artıq çoxdu. Hər kəsə kömək etmək imkanımız yoxdu. Lakin bu ailəni Allah qarşımıza çıxarıb. Ailəyə istisna hal kimi yardım etmək qərarına gəlmişik. Bu bizim təcrübədə ikinci istisna haldır. Burdan maddi və mənəvi köməyi olan hər kəsə təşəkkür edirəm. Və üzümü xeyirxah insanlara tutub deyirəm ki, bu işdə bizə dəstəklərini əsirgəməsinlər. Biz hər kəsin yardımını gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar