Kolleclərə ərizə qəbulu başlayıb
17 iyul 2013 10:27 (UTC +04:00)

Kolleclərə ərizə qəbulu başlayıb

 

Bu gündən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu iyulun 17-dən avqustun 15-dək internet vasitəsilə aparılır. 


Nəsimi rayonu 42 nömrəli tam orta məktəb, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Quba, Şəki, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yerləşən Sənəd Qəbulu Komissiyaları (SQK) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.  Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə etməlidirlər. Bundan sonra abituriyent iyulun 17-dən 31-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər (Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər). Qeydiyyatdan keçmiş abituriyentə seçmə turun keçirildiyi müəssisənin ünvanı, tarixi və vaxtı yazılmış “Seçmə tura buraxılış vərəqəsi” verilir. Abituriyent avqustun 5-dən 13-dək seçmə turda iştirak etməlidir. 


Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.  


Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər. Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.  Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. 

İmtahanda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixdə internetdən “İmtahana buraxılış vərəqəsi”ni çap edir.  Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15, bütövlükdə 45 sual təqdim olunur. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur. 
Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır. 

Ərizə qəbulunun tam mətni, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə formasının doldurulma qaydası və onun nümunəsi “Abituriyent” jurnalının 4-cü sayında təqdim edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805
avatar

Oxşar yazılar