Təhsil Nazirliyi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar ümumtəhsil məktəblərindəki şagirdlərin dərsə davamiyyəti ilə bağlı məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qış mövsümünə hazırlıq və qarlı-şaxtalı havalarda məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının, eləcə də yerli icra nümayəndəliklərinin diqqətindədir. Lakin kənd rayonlarında, xüsusilə dağlıq ərazilərdə yerləşən rayonların bir sıra kəndlərində qarın normadan artıq yağması ilə əlaqədar yollarda maneələrin yaranması, yolların buz bağlaması, güclü külək, eləcə də elektrik təminatında yaranmış fasilələr məktəblərdə davamiyyətə mənfi təsir edir.
Yerlərdən alınmış məlumata əsasən, əksər dağlıq ərazilərdə qarın hündürlüyü 50-60 sm-ə çatıb. Hava şəraitinin pisləşməsi nəticəsində bəzi dağlıq və dağətəyi rayonların yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti nisbətən aşağı düşüb.
Qeyd edək ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Tətil müddətində məktəblərdə hava şəraiti ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün yerli orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək.