Kamal Abdulla: “Dili korlayan müğənni və aktyorlardır”
11 sentyabr 2013 17:38 (UTC +04:00)

Kamal Abdulla: “Dili korlayan müğənni və aktyorlardır”

“Televiziyalarda bədii şuraların yaradılmasının vaxtı çoxdan çatıb. Hansı formada da olsa, televiziyalarda bu işlər görülməli və dil qaydalarının qorunması həll olunmalıdır”. Lent.az-ın məlumatına görə, bunu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclasında qrupun sədri, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla deyib. O bildirib ki, dövlət proqramının icrası ilə əlaqədar radio və televiziyalarda mütəmadi monitorinqlər aparılacaq. K. Abdullanın sözlərinə görə, monitorinq qrupunu Bədii Şura da hesab etmək olar: “Kimə desəm ki, televiziyalar üçün Bədii Şura yaradılır, hamı bunu alqışlayacaq. Çünki bunun vaxtı çoxdan çatıb”.


K. Abdulla qeyd edib ki, Azərbaycanda müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur: “Biz bəzən diktorları və aparıcıları qınayırıq. Amma ən əsas dili korlayan müğənni və aktyorlardır”.
 

İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev də televiziya və radiolarda aparılan monitorinqlər nəticəsində təşkil olunacaq treninq kursları barədə məlumat verib. Onun sözlərinə görə, dil pozuntularına yol verən aparıcılar üçün treninq kurslar təşkil ediləcək. Bu kurslara ölkənin ən peşəkar diktorlarının, aparıcılarının cəlb edilməsi nəzərdə tutulur: “Hazırda televiziya və radiolarda Azərbaycan dilinin normalarına riayət edilməsi ilə bağlı monitorinqlər aparılır. Bu monitorinqlərin yaxın zamanlarda yekunlaşması nəzərdə tutulur. Onun nəticələri əsasında dil pozuntularına yol verən aparıcı və diktorlar üçün treninq kurslar təşkil ediləcək. Bununla əlaqədar olaraq Milli Televiziya və Radio Şurasına da müraciət edilib və onlarla birgə iş görülür. Birgə təşkil olunacaq treninqlərə Milli Televiziya və Radio Şurasının təqdimatı ilə ölkənin ən peşəkar diktorlarının, aparıcılarının cəlb edilməsi nəzərdə tutulur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670
avatar

Oxşar yazılar