Jurnalistlər üçün yeni müsabiqə elan olundu
11 iyun 2014 14:59 (UTC +04:00)

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Mətbuat Şurası və “Polisə dəstək” İctimai Birliyi 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi keçirir. Lent.az-ın məlumatına görə, müsabiqə  Azərbaycanın yol polisi sistemində islahatlar; piyada və sürücü mədəniyyəti: qarşılıqlı inam və etimadın təbliği; təhlükəsiz yollar. Avto qəzaların aradan qaldırılmasında ictimai maarifləndirmə istiqamətlərində aparılacaq.

 

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaq. Ümumən müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulur. I yerə 800 manat, II yerə 500 manat, III yerə 300 manat pul mükafatı veriləcək. Müsabiqədə yer tutacaq şəxslərin adları 2 iyul - Polis işçilərinin peşə bayramı ərəfəsində açıqlanacaq. Təqdim olunan yazılarda materialların mövzunu əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi və oxucu üçün informasiyalılıq dərəcəsinə üstünlük veriləcək.

 

Müsabiqəyə 2014-cü ilin iyun ayının 11-dən 28-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və “Polisə dəstək” İctimai Birliyinin “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır.

 

Qeyd edək ki, yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.

 

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (vəsiqənin və ya əmək kitabçasının surəti), həmçinin müəllifin əlaqə vasitələri əlavə olunmalıdır. Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən link (elektron formada, diskdə) təqdim edilməlidir.

 

Yazılar iyunun 28-dək həftənin iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 (hazırkı Məmməd Araz 4) ünvanında - Azərbaycan Mətbuat Şurasının ofisində qəbul ediləcək.

# 655
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar